YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İki qardaş xalq birgə addımlarla parlaq gələcəyə doğru irəliləyir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Dünyanın siyasi xəritəsində bəzən nadir hallarda yaranan elə əlaqələr var ki, onlar yalnız maraq və taktika üzərində deyil, həm də dərin mənəvi bağlarla, qarşılıqlı hörmət və ortaq gələcəyə inamla qurulur, inkişaf edir. Bu gün Azərbaycan və Qazaxıstan arasında belə bir əlaqə mövcuddur. Prezident İlham Əliyevin Kazinform agentliyinə verdiyi müsahibədə, iki ölkə arasındakı münasibətlərin keyfiyyəti, inkişaf perspektivləri və qardaşlıq ruhu barəsində söylədiyi sözlər tam əks olunur. Dövlətimizin başçısının müsahibəsində qeyd edir: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.” Bu cümlə sadəcə rəsmi ifadə deyil, iki xalqın ortaq keçmişindən, paylaşdıqları mənəvi kodlardan, türk kimliyi, mədəni ənənələr və dostluq bağlarından irəli gələn təməli vurğulanmasıdır. Müsahibədə dövlət başçısı xüsusi olaraq vurğulayır: “biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.” Bu məsələlər real səfərlər, qarşılıqlı təşəbbüslər və yüksək səviyyədə davamlı təmaslarla dəstəklənir.

Prezident İlham Əliyev qeyd edib ki, son üç ildə Qazaxıstana yeddinci səfərini edir və hər səfərdə ölkədə, xalqlarda müşahidə etdiyi dinamik inkişaf onu sevindirir. Qazaxıstan Prezidenti KasımCömar Tokayevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və institusional islahatlar, şaxələndirilmiş iqtisadiyyat quruculuğu bu əməkdaşlığın daha da dərinləşməsinə təkan verir. Bu yanaşma regionda yalnız iki dövlət arasındakı münasibət deyil — həm də Türk dövlətlərinin inteqrasiyası, türk dünya vəhdəti məkanında bir modelə çevrilmək potensialı daşıyır. Siyasi etimadın fonunda iqtisadi əlaqələr də sürətlə möhkəmlənir.

Prezident İlham Əliyev müsahibədə bildirib ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar olub, 2025-ci ilin yanvar-avqust dövründə isə bu rəqəm artıq 547 milyon dollara çatıb. Bu artım sadəcə statistik göstərici deyil — o, iki ölkənin sahibkarlıq mühiti, investisiya mühiti və nəqliyyat-logistika imkanları üzrə bir-birinə artan güvənini əks etdirir. Müsahibədə bildirilir ki, Qazaxıstan kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya müəssisəsi fəaliyyət göstərir – bu, həm də “qardaş ölkəyə etimad” ifadəsinin iqtisadi dilə çevrilməsidir.

Cənab Prezidentin müsahibəsində ən diqqətə layiq məqamlardan biri də infrastruktura verilən strateji önəmdir. Qazaxıstan ilə Azərbaycanın birgə nəqliyyat-logistika əməkdaşlığı “Orta Dəhliz” çərçivəsində region üçün yeni imkanlar açır. Dövlətimizin başçısı qeyd edib: “Nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açır.” 2024-cü ildə tranzit daşımalarının 3,5 milyon tondan artıq olması və Orta Dəhliz üzrə yük həcminin artması bunun bariz nümunəsidir. Bu, həm regional inteqrasiyanın gücləndirilməsi, həm də Avrasiya coğrafiyasında yeni əlaqə qovşağının meydana çıxması deməkdir. Sahə genişdir — neft-qaz sektorunda “Aktau–Ceyhan” marşrutu üzrə anlaşmalar, sualtı fiber-optik kabelin çəkilməsi, yaşıl enerji sahəsində birgə memorandumlar — bunlar bir-birinin tamamlayıcısıdır və gələcəyi qurur. Heç bir əməkdaşlıq yalnız iqtisadi və siyasi düzənlə məhdudlaşmır; mədəni-insani aspektlər həmin bağları möhkəmləndirənn bağlar kimidir.

Prezident İlham Əliyev vurğulayıb: “Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayır.” 2023-cü ildə Azərbaycanda, 2024-cü ildə isə Qazaxıstanda keçirilmiş Mədəniyyət Günləri, Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi və digər bu tip qarşılıqlı təşəbbüslər mədəniyyətin “rəqəmsal deyil, emosional və mənəvi” tərəfinin canlılığını göstərir. Müsahibədə ekoloji məsələlərlə bağlı da diqqət çəkici fikirlər var. Xəzər dənizində suyun səviyyəsinin sürətlə azalması ciddi çağırışdır. Cənab Prezident İlham Əliyev söyləyir: “Xəzər dənizində suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.” Bu məsələ iki ölkə üçün yalnız ekoloji deyil, həm də strateji məsələdir: birlikdə cavab verilməsi vacib olan bir çağırışdır. Bu yanaşma göstərir ki, Azərbaycan və Qazaxıstan münasibətlərində yalnız fayda və maraq deyil, həm də gələcək nəsillərə qarşı məsuliyyət anlayışı yer alır.

Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri sırf maraqlar əsasında deyil, ortaq tarix, ortaq gələcək, ortaq məsuliyyət üzərində qurulub. Bu amillər türk dünyasının birliyi, Avrasiya inteqrasiyası və regional sabitliyin zəminini möhkəmləndirir. İki qardaş xalq, iki dövlət birgə addımlarla gələcəyə doğru irəliləyir.