YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili”

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının, Lənkəran Dövlət Universitetinin (LDU) və Bakı Politoloqlar Klubunun birgə təşkilatçılığı ilə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva bildirib ki, bu gün ölkəmizin qazandığı tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasətinin və həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev vurğulayıb ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması təsadüfi deyil. Bu il həm Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümünə, həm də İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin 5-ci ildönümünə təsadüf edir. Hər iki mühüm hadisə Azərbaycan dövlətçiliyinin möhkəmliyinin, xalqımızın birliyinin və sarsılmaz iradəsinin bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov öz çıxışında qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” yalnız tarixi hadisələrin qeyd olunması üçün deyil, eyni zamanda ölkəmizin dövlətçilik inkişafının daha da möhkəmləndirilməsi üçün bir fürsətdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsinin məsul şəxsi Emin Həmidli bildirib ki, 19 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu təşəbbüs Azərbaycanın müasir tarixində daha bir şərəfli günün rəsmi olaraq tanınmasına səbəb olmuşdur.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, politoloq Zaur İbrahimli də çıxışında bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən anlamaq və bu dəyərləri gələcək nəsillərə ötürmək baxımından mühüm addımdır.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.