YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mayor Zaur Məmmədov: Aprel döyüşləri ordu ilə xalqın birliyinin sarsılmazlığını bütün dünyaya göstərdi

Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun qürur mənbəyidir. Məhz həmin qələbə Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin döyüş əzmini və ruh yüksəkliyini ermənilərə və bütün dünyaya nümayiş etdirdi.

Bunu Aprel döyüşlərinin iştirakçısı mayor Zaur Məmmədov deyib.

Döyüşlərlə bağlı təəssüratlarını bölüşən Z.Məmmədov bildirib: “Digər hərbçilərimiz kimi, mən də Vətən eşqi və qürur hissi ilə döyüşlərə atıldım. Bu döyüşlərdə mən də yaralandım. Həmin döyüşlərdə düşmənə sarsıdıcı zərbə vuraraq torpaqlarımızın bir hissəsini azad edən Azərbaycan əsgəri Vətən qarşısında borcunu şərəflə yerinə yetirmək əzmində və gücündə olduğunu göstərdi. Qürurverici haldır ki, döyüşlərdə əsgərlərimiz mərdliklə, böyük ruh yüksəkliyi ilə döyüşdü. Bu döyüşlər ordu ilə xalqın birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Düşmənlə yanaşı, bütün dünya gördü ki, xalqımız öz ordusuna inanır, ordumuz isə xalqa arxalanır”.

Aprel zəfərinin Azərbaycan Ordusunun dünyada ən qüdrətli ordulardan biri olduğunu sübut etdiyini deyən hərbçimiz vurğulayıb: “Aprel qələbəsində Azərbaycan Ordusunun uğurlu əməliyyatı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun hərbi qüdrətinin artırılmasına göstərdiyi yüksək diqqət və qayğı, bu istiqamətdə həyata keçirdiyi islahatlar nəticəsində mümkün oldu. Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin günlərdə cəbhəboyu zonaya səfəri, şəxsi heyətlə və təmas xəttinə yaxın ərazilərdə yaşayan sakinlərlə görüşləri, eləcə də hərbi hospitalda yaralı əsgərlərə baş çəkmələri, Mehriban xanımın şəhid hərbi qulluqçuların ailələrinə göstərdiyi dəstək Silahlı Qüvvələrin bütün şəxsi heyətində daha böyük qələbələr üçün sarsılmaz inam yaratdı”.

Babasının da ermənilər tərəfindən qətlə yetirildiyini vurğulayan hərbçi bildirib: “Hələ məktəbdə oxuyarkən, “Hansı peşə sahibi olmaq istəyirsiniz?” sualına düşünmədən “Hərbçi olacağam” deyirdim. Belə də oldu. Doqquzuncu sinfi bitirdikdən sonra sənədlərimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verdim. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü iştirak edənlərin arasında atam da var idi. Ona görə də bu yol həm də atamın tutduğu yolun davamıdır. Bu yolu seçməyimdə təsirsiz ötüşməyən həmin hadisələrin hər biri tariximizdir. Məhz tariximiz, Qarabağ həsrəti, qisas hissi və Vətənə sevgi hərbçi peşəsini seçməyimin ən böyük səbəbləridir. Mən bu peşəyə könüldən bağlanmışam. Biz hərbçilər dünyaya bir pəncərədən – səngərdən baxırıq. Həmin pəncərədən doğma Qarabağımız görünür. Səngərlərdən döyüşə başlayacağıq, vuruşacağıq və qələbə qazanacağıq”.