YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Bu gün Azərbaycana haqq işinə görə təzyiq edən ölkələrin hansı biri ərazisində erməni dövlətinin yaradılmasına icazə verər?

“Azərbaycan heç zaman imkan verməyəcək ki, ərazisində ikinci erməni dövləti yaradılsın. Onsuz da indiki Ermənistan tarixi Azərbaycan torpaqları üzərində yaradılıb. İrəvan, Zəngəzur, Dərələyəz, Mehri,  Göyçə və başqa ərazilər Azərbaycanın əzəli, tarixi torpaqlarıdır. Sadəcə XIX əsrin əvvəllərindən başlayaraq, Gülüstan və Türkmənçay müqavilələri əsasında Rusiya imperiyasının vasitəçiliyi ilə Azərbaycan torpaqlarına köçürülən ermənilər zaman-zaman torpaqlarımızı ilhaq və işğal etdilər. Elə Qarabağı da bu məqsədlə işğal etmişdilər. Bu səbəbdən də, bu gün Azərbaycan dövləti imkan verməz ki, Qarabağda növbəti erməni dövləti yaradılsın”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev “Əl-Ərəbiyə”, “TRT Haber”, “Əl-Cəzirə” televiziya kanallarına, eləcə də Cəbrayıl şəhərinin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bu məsələyə xüsusi olaraq aydınlıq gətirmişdi: “Bu gün Azərbaycana haqq işinə görə təzyiq edən ölkələrin hansı biri ərazisində erməni dövlətinin yaradılmasına icazə verər? Yaxud da ki, dünyada nə üçün hansısa xalqın iki dövləti olmalıdır? Və ya hansısa ölkənin ərazisində hansısa millətin nümayəndələri yaşayırlarsa, demək onlar özlərinə dövlət yaratmalıdırlar? Belə çıxır ki, ermənilərin timsalında onlar ABŞ-da, Rusiyada, Fransada özlərinə ayrıca dövlət qurmalıdır. Bəs, o zaman sual yaranır ki, Fransa nə üçün Azərbaycana təzyiq edir? Hansı səbəbdən hərbi əməliyyatların dayandırılmasını istəyir? Məhz, bu məsələ ilə bağlı Cənab Prezident İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində açıq şəkildə dedi ki, əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər. Hətta, onu da qeyd edim ki, Fransa ABŞ-dan sonra dünyada ən çox erməninin yaşadığı ikinci ölkədir. Bu mənada ermənilərin say baxımından dünyada üstün olduqları və hətta artıq o ölkənin etnik azlığına çevrilmiş ölkələrindən biri Fransadır. Nə üçün Fransada yaşayan 600 mindən çox erməniyə dövlət yaratmağa imkan vermirlər? Hətta, məsələyə bir qədər konkretləşdirmə ilə baxaq. İndiki şəraitdə Qarabağda 100 mindən çox erməni yoxdur. Lakin Fransa kimi bəzi ölkələr ermənilərin özmüqəddaratını təyin etməsinə şərait yaradılmasını tələb edirlər. Belə çıxır ki, dünyanın harasında 100 mindən çox erməni yaşayırsa, onlara dövlət yaratmağa şərait yaradılmalıdır. Bu məntiqdən çıxış etsək, o zaman Paris regionundakı 200 min, Marsel regionundakı 150 mindən çox, Lion regionundakı 150 min erməni əsilli fransıza ayrı-ayrı 3 dövlət yaradılmasına imkan verilməlidir. Görürsünüzmü, nə qədər absurd bir iddiadır. Belə bir presedent olsa, ən böyük zərbə elə Fransanın özünə dəyə bilər. Təkcə ermənilər deyil, ərəblər də belə iddia ortaya qoya bilər. Bir sözlə, Azərbaycan ərazisində ermənilərə müqəddərat istəyən Fransa bunu əvvəlcə ölkəsində yaşayan 100-dən çox etnik qrup üçün tətbiq etməlidir. Ona görə də, düşünürəm ki, Fransanın daxili siyasi məsələlərinə yönəlik Qarabağ kimi strateji problem üzərindən oynaması heç də yaxşı perspektiv vəd etməz”.

Sədaqət Vəliyeva əlavə edib ki, Fransa kimi ABŞ və Rusiya da ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi neytrallıqlarını qorumalıdırlar: “Qarabağ müharibəsi onlar üçün bir qlobal etimad sınağıdır. Əgər Qarabağ müharibəsində neytrallıqlarını qorumasalar, qlobal miqyasda onların sülhyaratma imicinə zərbə dəyəcək, bundan sonra onlara dünyanın problemlərinin həllində heç kəs inanmayacaq, etibar etməyəcək”.