YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Seyidov: Cənab Prezident Qarabağda zəfərlərin carçısıdır

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası

Suraxanı rayon təşkilatının sədri

Türkiyənin dahi-siyasi xadimi, 9-cu Prezidenti mərhum Süleyman Dəmirəlin tarixi bir ifadəsi var. Deyərdi ki, siyasətdə 24 saat böyük müddətdir. Baş verən son hadisələr göstərir ki, onsuz da hərəkətli olan Cənubi Qafqaz regionu 27 sentyabr tarixindən bu yana ən vacib və mütəhərrik günlərini yaşayır. Bir neçə saat ərzində Gəncədən gələn xəbərlərə görə üzülsək də Füzulinin işğaldan azad olunma xəbərini eşidəndə isə ürəyimizə su sərpildi. Bilirsiniz ki, indi yalnız bizim deyil bütün cəmiyyətlərin “nəbzləri sosial şəbəkələrdə döyünür”. Elə sosial platformalarda bir maraqlı bənzətmə ilə qarşılaşdım, yazılmışdı ki, ulu Nizaminin göz yaşlarını dahi Füzuli sildi. Doğurdan da bu bənzətmə ədəbi-poetik xarakter daşısa da həqiqəti əks etdirir.

Bu gün xalqımızın “gözü, qulağı” televizya xəbərlərində və cənab Prezidentin Tvitter səhifəsindədir. Xalqımız hər gün cənab Prezidentdən xoş xəbər gözləyir. Sanki xalqımız 30 illik həsrətlə Qarabağdan gələn xoş xəbərlərə köklənib. Cənab Prezident Qarabağda zəfərlərin carçısıdır. Vahid milli ruh o dərəcədə güclü özünü təzahür etdirir ki, xalq öz rəhbərini hər gün səbrsizliklə gözləyir. Rəhbər və ordumuz xalqın ümidlərini, inamlarını Qarabağda öz zəfərləri ilə doğruldur. İlham Heydər oğlu Əliyev bütün sahələrdə ümidləri doğrultan liderdir. Son baş verən hadisələr bir daha sübut etdi ki, möhtərəm İlham Əliyevin və müdrik xalqımızın qarşısındakı Paşinyan və ümumiyyətlə Ermənistanın hərbi-siyasi hakimiyyəti nəinki bizimlə ləyaqətlə döyüşmür, hətta onlarda ləyaqət belə yoxdur.

Artıq ikinci dəfədir ki, Azərbaycanın ən böyük şəhəri olan Gəncə məqsədyönümlü şəkildə vurulur. Orada, vurulan ərazilərdə heç bir hərbi obyektlər mövcud deyildir. Əhalinin sıx yaşadığı Gəncə şəhərinə endirilmiş zərbələrin bir neçə əsas səbəbi vardır. O səbəblərin hər biri öz əhəmiyyətini itirmiş və Azərbaycan Ermənistanın hərbi cinayət hesabına qurduğu tələyə düşməmişdir. Ermənistan döyüş gedən ərazilərdən kənara çıxmaqla, mülki hədəfləri vurmaqla regionda münaqişənin arealını böyütmək və tərəflərin sayını artırmaq istəyir. Öz gücü ilə döyüş meydanında Azərbaycan ordusuna məğlub olan Ermənistanın baş naziri regionda olan başqa qüvvələri qurduğu oyuna cəlb etmək istəyir. Lakin Azərbaycanın müdrik lideri dəfələrlə açıqlayıb ki, bizim mübarizəmiz haqq işidir. Biz öz torpağımızda xilaskar missiyamızı həyata keçiririk və bizim Ermənistan ərazisində nə hərbi, nə də digər hədəflərimiz mövcud deyildir. Bu da bir mənalı onların  planlarını məhv edir.

Ermənistan sivil yaşayış məntəqələrini vurmaqla bütün mülki və hərbi qanunları pozaraq həm də o ərazilərdə yaşayan əhalidə bir xof, qorxu hissi formalaşdırmağa çalışır. Böyük Vətən müharibəsinin simvoluna çevirilən Stalinqrad şəhəri belə, bu gün Tərtər şəhəri ilə müqayisədə daha az xəsarət almış olardı yəqin. Axı Tərtər balaca bir şəhərdir. Orada nə var ki, gündə orta hesabla mindən artıq raket zərbəsinə məruz qalsın?! Məqsəd mülki əhalini qorxutmaq, o ərazilərdən çıxmaqlarına və ölkə ərazisində təşvişə səbəb olmaqdır. Lakin bu əməlləri və mənasız cəhdləri də puç oldu. Həm Gəncə, həm Tərtər, həm də digər ərazilərdə yaşayan sakinlərimiz bir yumruq kimi Dövlət başçımızın ətrafında birləşərək ona dəstək verirlər. Elə onların öz dedikləri kimi ifadə etsək, onlar deyir ki, evimiz-eşiyimiz, canımız vətənə fəda olsun! Yetər ki, Qarabağ işğaldan azad olunsun!

Ermənistan hakimiyyəti 90-cı illərdə törətdiklərinin cavabsız qaldığına güvənərək yenidən mülki obyektlərə hücum edir. Lakin cənab Prezident vurğuladı. Onları dünya birliyi cəzalandırmasa, mütləq biz, yəni qüdrətli və ədalətli Azərbaycan Respublikası cəzalandıracaqdır.

Gəncə vurulandan sonra Füzulinin işğaldan azad olunması xəbəri cənab Prezident tərəfindən elan olunanda hər şey aydın oldu. Gecə döyüş meydanında həm hərbi canlı qüvvələrini, hərbi strateji mövqelərini, həm də hərbi texnikalarını itirən Ermənistan ordusu və onun baş naziri növbəti dəfə səhv qərar vermişdir. Paşinyanın aqoniyası bir daha göstərir ki, onun həm bir insan, həm də rəhbər şəxs kimi psixoloji durumu yerində deyildir. Onun verdiyi qərarlar xalqının xeyirinə və mənafeyinə xidmət etmir. Bu gün Ermənistanın hərbi-siyasi hakimiyyəti cəbhədə baş verənlər haqqında öz cəmiyyətinə yetərincə və doğru məlumat vermir, öz xalqını aldadır. Təsadüf deyil ki, Azərbaycan Respublikasının Prezidenti demişdir ki, erməni xalqı cəbhədə baş verənlər haqqında dolğun və doğru məlumatları əldə etmək istəyirsə, bizi izləsin.

Döyüş meydanında öz cəsədlərinə sahib çıxmayan, hümanitar atəşkəs üçün yalvarıb, sonra onu pozan, öz hakimiyyətini saxlamaq uğruna baş verən hadisələrin cəmiyyətdə və sosial şəbəkələrdə yayılmasının qarşısını anti-demokratik yollarla alan Paşinyan artıq öncə öz xalqına, sonra da dünya ictimaiyyətinə hesabat verməlidir. Erməni anaları hərbi komissarlıqların önündə etiraz aksiyaları edir və öz övladlarını özgə torpağında ölümə göndərmək istəmirlər. Düz də edirlər! Erməni anaları səslərini daha da qaldırmalıdır. Cənab Prezidentin də söylədiyi kimi Paşinyan dünya liderlərinə yalvarmaqdansa, öz xalqını eşitsin. Çıxsın bizim torpaqlarımızdan. Biz qan, ölüm tərəfdarı deyilik. Lakin bir otuz il daha torpaqlarımızın işğal altında qalmasına Azərbaycan xalqı razı ola bilməz. Biz mülki vətəndaşlarımızın qisasını döyüş meydanında və qəhrəmanlıqla alırıq. Qələbələrimiz o qədər böyük miqyaslıdır ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti bunu öz xalqına etiraf etməkdən qorxur.

Müstəqilliyimizin 29-cu il dönümü ərəfəsində Füzuli rayonunun işğaldan azad edilməsi xəbərinin elan olmasından xalqımız üçün daha böyük hədiyyə yəqin ki, bütün Qarabağın azad olunması olardı. O günlər çox uzaqda deyil. Zəfər yürüşümüzə sayılı günlər qalmaqdadır. Cənab Prezidentin də vurğuladığı kimi biz xoşbəxt nəsillərik ki, bu günü yaşadıq, yaşayırıq. Lakin bir məqamı xüsusi vurğulamalıyam ki, son 100 illik tariximizdə Ali Baş Komandan İlham Əliyev yeganə şəxsiyyətdir ki, Azərbaycanın itirilmiş torpaqlarını öz hesabımıza və qəhrəman ordumuzun gücü ilə geriyə almaq iqtidarındadır. O, bunu bacaran yeganə tarixi şəxsiyyətdir! Azərbaycan tarixi dünya tarixinin şanlı səhifələrinə İlham Əliyevi qızıl hərflərlə və qürur hissi ilə yazır. Qarabağda, Füzulidə gedən döyüşlər isə dünya hərb tarixinə və hərbi dərs vəsaitlərinə yazılacaq və öyrəniləcəkdir. Bu il keçirdiyimiz Dövlət Müstəqilliyi günümüz ən gözəl və ən fəxarətli müstəqillik günümüzdür.

Füzuli şəhərinin azad olunması bizə əsas verir deyək ki, biz artıq Qarabağın mərkəzinə doğru irəliləyirik. Şuşadan bizi artıq 40-50 km məsafə ayırır. Hər an gözəl xəbərlərə hazır olduğumuz kimi, hər saniyə düşmən tərəfindən istər daxildə, istər xaricdə, istərsə də sosial şəbəkələrdə baş verəcək təxribatlara qarşı ehtiyatlı olmalıyıq.

Füzulinin işğaldan azad olunması bir daha erməni terror dəstələrinin necə böyük təxribatlar etdiyini sübut etmiş oldu. Füzuli şəhərini məhv ediblər. Lakin cənab Prezident dedi ki, biz o torpaqlara yenidən qayıdacağıq və o əraziləri bərpa edib, orada yaşayacağıq.

Dahi rus yazıçısı Dostoyevski demişdir ki, böyük ədəbiyyat əsərləri, mədəniyyətlər böyük müharibələrdən sonra yaranır. Bu dəfə də elə olacaq. Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ işğaldan azad edildikdən sonra daha böyük uğurlarımıza səbəb olacaqdır. Biz öz tarixi ata-baba yurdumuzda şəhərlərimizlə yanaşı şüurlarımızı da yenidən formalaşdıraraq o əraziləri heç vaxt itirməyəcəyik.

Bu gün ölkə rəhbərinin xarizması, onun liderlik qabiliyyəti bütün Azərbaycan xalqını öz ətrafında birləşdirə bilmişdir. Bu gün Azərbaycanda elə bir adam yoxdur ki, Qarabağın işğaldan azad olunmasını istəməsin. Siyasi partiyaların böyük əksəriyyəti və vətəndaş cəmiyyətinin nümayəndələri bir yumruq kimi dövlət başçımızın ətrafında monolit şəkildə birləşmişdir. Bizim qələbələrimizin ən əsas səbəbi xalqın dəstəyidir. Çünki bizim mübarizəmiz haqq işidir və ordumuz öz xilaskar missiyasını var gücü ilə torpaqlarımız tam işğaldan azad olunana qədər davam etdirəcəkdir. Bizə heç kimin mərhəməti lazım deyil. Biz qəhrəman babaların mərd, igid övladlarıyıq.

Artıq beynəlxalq arenada olan ciddi fiqurlar bizə dəstək verir, ən pis halda neytral mövqe göstərərək düşməni 90-cı illərdə olduğu kimi dəstəkləmir. Nüfuzlu dövlətlər, xalqlar,  Avropa və dünya miqyasında təşkilatlar Ermənistanın mülki əhaliyə qarşı hərbi cinayətlərini pisləyir, ərazi bütövlüyünün təmin olunması və sülhə məcburetmə əməliyyatlarını qəbul edirlər. Əlbəttə bu dövlətimizin böyük nüfuzunun və dünya birliyinə, vahid əməkdaşlığa verdiyi töhfələrinin nəticəsidir. Böyük qələbələr bütün sferalarda bizləri gözləyir.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın rəşadətli Azərbaycan ordusu!

DİGƏR Xəbərlər Arxiv