YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti” mövzusunda videokonfrans formatında növbəti kursu keçirilib

          Yanvarın 9-da Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti” mövzusunda videokonfrans formatında kursu keçirilib.

          Kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və  onun ətrafında monolit birliyi haqqında məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsi dövründə qazandığı parlaq qələbədən bəhs edib.

          Sonra Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva  mövzu haqqında çıxış edib. S.Fətəliyeva bildirib ki, dövlətin və millətin mövcudluğu üçün zəruri olan təhlükəsizlik və milli maraqlar bir-birini tamamlayan əsas faktorlardır. Belə ki, təhlükəsizlik mühiti olmadan milli maraqlar, milli maraqlar təmin edilmədikdə isə təhlükəsizlik şəraiti yaradıla bilməz. Bu əsasda təhlükəsizlik ölkənin, millətin, xalqın və nəhayət, hər bir vətəndaşın fəaliyyətinin, yaşam tərzinin təməl daşıdır, sabitliyin qarantıdır. Milli, iqtisadi, hərbi siyasətin əsas məqsədi də sabitliyin təmin olunması, təhlükəsizlik mühitinin yaradılmasıdır. Bu gün xüsusən beynəlxalq aləmdəki müasir vəziyyət, siyasi qarşıdurmalara meylliliyin müşahidə olunduğu indiki vaxtda hər bir dövlətin və cəmiyyətin təhlükəsizliyinin qorunması, insanların həm siyasi, həm də digər maraqlarının təmin olunması mühüm vəzifələr sırasındadır. Elm və texnikanın, informasiya texnologiyalarının inkişaf etdiyi və geniş tətbiq olunduğu müasir şəraitdə informasiya təhlükəsizliyi xüsusilə aktualdır.

          S.Fətəliyeva qeyd edib ki, informasiya müharibələrində ən güclü silah informasiya və dezinformasiyadır. Onun sözlərinə görə, qarşıdurma zamanı tərəflər öz ölkəsinin məlumat infrastrukturunu qoruyaraq, düşmən qoşunlarının informasiya sistemlərini, məlumat mənbələrini və məlumat infrastrukturunu məhv etməyə çalışır. Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlaması ilə yanaşı ölkəmizdə informasiya müharibəsi də başlanmış oldu. Bu informasiya müharibəsinin ən qabaqcıl əsgəri isə məhz ölkə başçısı cənab Prezident İlham Əliyev idi. Biz Vətən müharibəsi dövründə Azərbaycanın haqq işinə qarşı informasiya aparan qüvvələrin məkrli yazılarının şahidi olduq. Xarici mətbuata diqqət yetirsək, görərdik ki, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edirdi. Onların böhran xarakterli yazıları əsasən erməni lobbisinin təsiri altında hazırlanır və birbaşa işğalçıya dəstək məqsədi daşıyırdı. Lakin biz bütün bunlara baxmayaraq dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz  sayəsində tarixi ədaləti bərpa edib həm döyüş meydanında, həm də informasiya məkanında qələbə qazandıq.

          Daha sonra Sevinc Fətəliyeva kurs iştirakçılarının suallarını cavablandırıb.