YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Azərbaycan-Böyük Britaniya əlaqələri yeni mərhələdə daha da inkişaf edəcək

“Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan ötən illər ərzində dünyada böyük etimad qazanıb və müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara əsaslanan müstəqil, praqmatik və çoxvektorlu xarici siyasət kursuna malik olan ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir”. Bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Ramin Məmmədov bildirib ki, Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütövlükdə, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanması və bunun nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ölkəmizin beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirir. Eləcə də, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrinin məhz ölkəmiz tərəfindən icra olunması da dünyada nüfuzumuzu artıran amillərdən biridir.

Deputat qeyd edib ki, Azərbaycanı müasir beynəlxalq münasibətlər sistemində fərqləndirən xarakterik xüsusiyyətlər sırasında ölkəmizin müstəqil, heç bir kənar qüvvədən asılı olmayan, eyni zamanda, rasional və praqmatik xarici siyasət həyata keçirməsidir. Bu siyasət, heç şübhəsiz, milli maraqlara əsaslanır. Regionun lideri olan Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir geostrateji əhəmiyyətli layihə reallaşdırıla bilməz.

R.Məmmədov söyləyib ki, Vətən müharibəsində Azərbaycanın qələbəsi, işğalçıları öz torpaqlarından qovması ölkəmizin beynəlxalq müstəvidə əlaqələrinin yeni mərhələyə qədəm qoymasını da şərtləndirir. Heç də təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz dostlarımızı və düşmənlərimizi tanıdıq. Yeni mərhələdə əməkdaşlıq məsələlərində məhz bu amilə diqqət yetiriləcək. O cümlədən, işğaldan azad edilmiş ərazilərimizdə dost ölkələrin şirkətləri ilə əməkdaşlığa üstünlük veriləcək.

“Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdikdən sonra ölkəmizlə münasibətləri genişləndimək marağında olan dövlətlərin sayı artıb. Vətən müharibəsindən sonra müxtəlif ölkələrin rəsmi şəxslərinin səfərləri, aparılan danışıqlar buna dəlalət edir. Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonun  ölkəmizə səfəri də bu konteksdə dəyərləndirilə bilər.   Vendi Mortonun Azərbaycana səfəri Prezident İlham Əliyevin qəbulunda olması, eləcə də ayrı-ayrı rəsmi şəxslərlə görüşü, müxtəlif yerlərə səfəri Azərbaycan-Britaniya əlaqələrinin gələcək perspektivləri haqqında nikbin düşünməyə əsas verir. Bu səfər çərçivəsində səsləndirilən fikirlər göstərdi ki, siyasi və iqtisadi baxımdan Azərbaycan Böyük Britaniya üçün Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşdır. Prezident İlham Əliyev də görüş zamanı Azərbaycan-Böyük Britaniya əlaqələrindən məmnunluğunu ifadə edib. Artıq bu ölkənin bir şirkəti işğaldan azad olunmuş ərazilərimzdə quruculuq-bərpa işlərinə cəlb olunub. Yəqin ki, bu şirkətlərin sayı daha da artacaq. Bütövlükdə, hesab edirəm ki, bu səfər Azərbaycan-Böyük Britaniya əlaqələrinin yeni mərhələyə qədəm qoymasının göstəricisidir”,-deyə R.Məmmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv