YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə şəhidin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib

Şəmkir şəhərində şəhid Məmmədov Vacib Zabit oğlunun xatirəsinə tikilmiş bulağın və şəhidin adını daşıyan küçənin girişində şəhidin şəkli olan barelyefin açılışı olub.

Açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev, Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, hərbiçilər, müharibə iştirakçıları, şəhidin bitirdiyi orta məktəbin müəllim kollektivi və şəhidin yaxınları iştirak ediblər.

Tədbirdə ilk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan Vacib Məmmədovun ailə üzvlərinə səbr arzulayan tədbir iştirakçıları xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyiblər. Bildirilib ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və onları heç zaman unutmayacaq.

F.Vəliyev Vacib Məmmədovun timsalında bütün şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirib, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb.

Açılış mərasimində digər çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan danışıblar.

Şəhid Vacib Məmmədovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə ediblər.

Sonda isə orta məktəb şagirdlərinin təqdimatında şəhidin xatirəsinə həsr edilmiş əbədi-bədii kompozisiya təqdim olunub.