YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan dövlətinin ən böyük resursudur

Şəbnəm Həsənova

Politoloq

Dünyanın müasir siyasi xəritəsində iki yüzdən çox dövlətin olmasına baxmayaraq, onların xarici siyasətinin yalnız onda biri diqqətlə öyrənilir və fəal müzakirə olunur. Əvvəla, bunlar müasir dünyada lider mövqeləri tutan dövlətlərdir. Burada əsas suallara cavab iki istiqamət üzrə axtarılır: 1) onlar beynəlxalq münasibətlərin quruluşunda nələri dəyişir; 2) dövlətlərin lider olmasına nə imkan verir və bu liderliyi hansı vasitələrlə qoruyub saxlamaq olar.

Dünyada fərqli təcrübələr mövcuddur. Məsələn, başlanğıcda hərbi potensial dövlətə güc və lider mövqe qazandırıb, sonradan isə iqtisadiyyat daha əhəmiyyətli bir rol oynamağa başlaya bilər. Müharibədən sonrakı Almaniya və Yaponiya buna klassik nümunələrdir. Ya da məsələn enerji amilini iqtisadiyyatdan ayırsaq 1970-ci illərin əvvəllərindəki enerji böhranı zamanı ABŞ-ın hərbi və iqtisadi gücünə baxmayaraq, neft tədarük edən ərəb dövlətləri ilə danışıqlar masasına oturmaq məcburiyyətində qalması kimi yenə klassik bir nümunə gətirmək olar.

Təbii ki, beynəlxalq münasibətlər sistemini analiz edərkən sadəcə qlobal deyil, regional reallıqlara nəzər yetirməliyik. 90-cı illərin ağır məngənəsindən çıxmış, mürəkkəb coğrafi şəraitdə, böyük siyasi güclərin və maraqların toqquşduğu bir məkanda yerləşən Azərbaycanın ayağa durması, ən böyük problemi hesab olunan torpaqlarını işğaldan azad etməsi üçün nə klassik, nə də modern, hesab edirəm ki, olduqca spesifik və unikal bir yanaşma tələb olunurdu ki, buna da məhz dövlətin lider olmasına imkan verən əsas amilin məhz ölkəyə kimin rəhbərlik etməsi, yəni şəxsiyyət amili ilə bağlı olması ilə cavab tapılmalıdır. Təbii ki, bu inkişafın əsasında duran əsas məsələ isə bu liderliyi hansı vasitələrlə qoruyub saxlamaqdan ibarət olmalıdır. Daha sonra mövcud olan bu parametrlərə kütləvi mədəniyyət də əlavə edildi ki, bir sıra qərb siyasi analitiklərinin düşüncələrinə görə liderin iş mədəniyyəti, dövlətçilik mədəniyyəti və ümumilikdə xalqın kütləvi mədəniyyəti də burada mühüm rol oynayan faktorlardır. Bunların hər birinə ayrılıqda ümummili lider Heydər Əliyevin qurduğu, bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla rəhbərlik edilən Azərbaycan dövlətinin simasında cavab tapacayıq.

Prezident İlham Əliyev 18 illik fəaliyyətini Qarabağ zəfərinə fokusladı, hal-hazırda da həmin siyasi uzaqgörənliklə postmüharibə dövrünün reallıqlarını da nəzərə alaraq hər bir xırda detalı dəqiqliklə analiz edir. Azərbaycan beynəlxalq münasibətlər sisteminin etibarlı və fəal tərəfdaşı olmaqla nə region dövlətlərinə, nə də dünyanın heç bir dövlətinə qarşı antaqonist siyasət yürütmür. Hətta qalib ölkə kimi müharibədə məğlub olmuş Ermənistana sülh təklif edir. Bunun da müqabilində bütün region ölkələrindən sülh və sabitliyin daha da möhkəmləndirilməsinə xidmət edən əməkdaşlıq platformaları ilə çıxış edir. Burada nəzəri bir məsələ ilə arqumentləri daha da gücləndirmək olar. Məsələn, analitiklər hesab edirlər ki, dövlətlərin müəyyən bir resurs üzrə "ixtisaslaşması" - və bütün mənbələri əhatə etmək hər bir dövlətin gücünün xaricində olacaq - o deməkdir ki, onlar öz resurslarını bir şəkildə "mübadilə etməli" və nəticədə əməkdaşlıq etməlidirlər. Bu tendensiyanı bu gün Azərbaycanın təklif etdiyi əməkdaşlıq platformalarının simasında izləmək olar. Dünyanın siyasi mənzərəsini aydın analiz edən, modern trendləri və çağırışları dəyələndirə bilən  Prezident İlham Əliyev ən yüksək kürsülərdə çıxışları zamanı bildirir ki, həlli çətin məsələlərdə dövlətlər özünütəcrid siyasəti yürütməli deyil, qlobal həmrəylik nümayiş etdirməlidir. Məhz bu amil isə modern dünyanın reallığı ilə səsləşir. Belə ki, dünyada tələbat bolluğu ilə bərabər resurs qıtlığı hökm sürür. Məqsəd məhdud resurslar uğrunda tələbatı ödəməkdirsə Azərbaycanın postmüharibə dövründə təklif etdiyi nəqliyyat və kommunikasayaların açılması həm də buna xidmət edirsə, ən çox da Ermənistan üçün həyati əhəmiyyətlidir.

Bölgədə yeni yaranmış reallıqlar kontekstində Türkiyə və Azərbaycan bütün regional üçtərəfli əməkdaşlıq formatlarında aparıcı ölkələrdir. Türkiyə ilə bərabər Azərbaycan Qafqazda 6-lıq platforması ilə çıxış edir. Əməkdaşlıq formatlarına bütün region ölkələrini də dəvət edib, çünki nə Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi, nə də təklif olunan heç bir format üçüncü ölkələrə qarşı yönəlməyib. Bununla yanaşı, Azərbaycan prinsipial məsələlərdə qətiyyət, siyasi iradə nümayiş etdirməklə öz mövqeyini bütün regional və regiondan kənarda olsa da burada siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan bütün aktorlara bildirir. Azərbaycan gələcəyə sülh prizmasından yanaşır, bir daha müharibə olmasını istəmir. Bu baxımdan da bölgədə qalan erməni vətəndaşlarına gəldikdə, dövlətimiz onları Azərbaycan vətəndaşları hesab edir və onların reinteqrasiyasında maraqlıdır. Yetər ki, onlar öz yaxalarını həm erməni təbliğatından, həm də kənar meyillərə aldanmaqdan qurtarsınlar.

Azərbaycan və Türkiyənin bir-biri ilə daha yaxın əlaqələr qurması, hər iki dövlətin ikitərəfli münasibətlərini daha da inkişaf etdirərək dərinləşdirməsi digər ölkələr kimi onların da müstəsna hüququndan doğur. Bu baxımdan da Azərbaycan-Türkiyə münasibətləri üçüncü ölkələri narahat etməməlidir.

Azərbaycanın üzləşdiyi təcavüz və ermənilər tərəfindən milli ayrı-seçkilik zəminində etnik təmizləmə siyasəti milli təhlükəsizliyimizi deyil, eyni zamanda bəşəri dəyərləri təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya xarakteri almışdı. Bu gün yeni reallıq bu mənfi tendensiyaların regiona yayılmasına imkan vermir. Müzəffər Ali Baş Komandan İlham Əliyev yalnız Ermənistanı deyil, insanlıq tarixinin ən böyük faciələrindən hesab olunan Xocalı soyqırımını törədən, Koçaryan-Sarkisyan cütlüyünü məğlub edib. Azərbaycan regionda erməni faşizminin başını əzdi. Erməni faşizminə qarşı ümummilli cəbhəni formalaşdıra bilmək də məhz İlham Əliyev şəxsiyyətinin qüdrəti idi.

Bu məqamda isə bir paralel bənzərlik aparmaq zərurəti yaranır. Necə ki, 1994-cü ilin aprelində düşmən hücumlarının daha kəskin xarakter aldığı bir məqamda Heydər Əliyevin soyuqqanlı və qətiyyətli, xalqın vətənpərvərlik hisslərini alovlandı¬ran xalqa müraciətləri xalqı oyadır, onu düz istiqamətə aparırdısa, eynilə İlham ƏIiyevin istər Vətən müharibəsi zamanı yaddaşlara həkk olunan xalqa müraciətləri, istərsə də postmüharibə dövründə etdiyi çıxışlar region və regiondan kənar olsa da burada hələ maraq güdən dövlətlərin real üzünü göstərir. Ümumilikdə isə Azərbaycan xalqının oyanışı, mövcud reallığı daha aydın görə bilməsi burada ən mühüm rol oynayan faktordur. Elə məhz buna görə də müharibə zamanı deyirdi “mən xalqımdan heç nəyi gizlətmirəm, bizə qarşı böyük təzyiqlər var.” Ölkə başçımız məhz o təzyiqlərə sinə gərdi və hələ də savaşır.

Şərti olaraq "yumşaq" və ya "sərt" güc olaraq adlandırılan resursları ayırmaqla və ya əksinə, bir araya gətirməklə onları birləşdirmək olar.  Burada əsas məqam ondan barətdir ki, dünyanın mövcud siyasi reallıqları qlobal siyasi arenaya təsir etmək üçün istifadə olunan “dövlət resursunu” digərlərindən ayrı tutmağı tələb edir. Bu baxımdan da sistemli və vahid mərkəzdən idarə olunan  dövlətimiz, dövlətçiliyimiz bütün təzyiqlərin, əsassız ittihamların qarşısında durmağa qadirdir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bildirdiyi kimi “Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.

Dövlətin müasir resurs potensialı hərbi güc, elmi-texniki potensial, istehsal və iqtisadi potensial, təşkilati resurs, məcmu yaradıcı resurs (həyati əhəmiyyətli innovasiyaların istehsalı potensialı) olmaqla beş komponentdən ibarətdir. Əvvəldə dövlətlərin resurs məsələsinə toxunduq və belə qənaətə gəldik ki, ölkənin lider amili resursu ən güclü resursu hesab olunur. Məhz yuxarıda sadalanan nəzəri və praktiki amillər nəzərə alınmaqla bu gün tam əminliklə deyə bilirik ki, Azərbaycan xal¬qının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider Prezident İlham Əliyevin yürütdüyü siyasət və fəaliyyəti Azərbaycan dövlətinin ən böyük resursudur.