YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qələbə xəbəri ilə ölkəmizin və xalqımızın başı üzərində parlaq günəş doğdu

Namiq Əhmədov

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, işğalçı qalan torpaqlardan çıxmayacaqdı. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına qazanmışıq.

Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə başa çatdı. Dövlətimizin başçısı noyabrın 10-da gecə saatlarında Azərbaycan xalqına müraciətində elan etdiyi Böyük Qələbə xəbəri ilə ölkəmizin və xalqımızın başı üzərində parlaq günəş doğdu. Müzəffər Ali Baş Komandanın dönməz iradəsi və ağıllı, düşünülmüş rəhbərliyi ilə Vətən müharibəsi başa çatdı, Azərbaycan torpaqlarının işğalına birdəfəlik son qoyuldu. Bu, Azərbaycan tarixində təkrarolunmaz qələbədir. Vətən müharibəsində qazanılan Böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir.

Biz bir daha gücümüzü, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz həmrəylik, birlik göstərdik. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir. İşğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb. İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz dağıdılıb.

Tarixi Zəfərimiz Ali Baş Komandan İlham Əliyevin Qələbə əzminin, sarsılmaz iradəsinin, qətiyyətli praqmatik siyasətinin, hərbi-sərkərdəlik məharətinin qanunauyğun nəticəsidir. Böyük Qələbə Prezident İlham Əliyevin simasında Azərbaycanda yaranmış dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyinin həlledici uğurudur. Bu, İlham Əliyevin müdrik siyasəti nəticəsində hər cəhətdən inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin qələbəsidir. Müzəffər Ali Baş Komandanın vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə edib yetişdirdiyi, ən müasir hərbi texnika ilə silahlandırdığı qəhrəman Azərbaycan Ordusunun zəfəridir.