YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın beynəlxalq platformadakı əvəzsiz rolu

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Özbəkistanın tarixi şəhərlərindən biri olan Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinin geniş tərkibdə keçirilən iclası zamanı Prezident İlham Əliyev güclü dövlətimizin ədaləti, sülh və təhlükəsizlik prinsiplərinə əsaslanan mövqeyini bir daha cəsarətlə dünya ictimaiyyətinin diqqətinə çatdıraraq öz tarixini bilməyən bilgisiz şəxslərə əsl tarix dərsi keçib. Hesab edirəm ki, nəinki ölkəmizin daxilində olan xəyanətkar ünsürlər, həmçinin xaricdə yaşayıb ölkəmizin uğurlu siyasətini görməzdən gələn mənfur xislətli adamlar riyakar əməllərindən əl çəkib, tariximizi dərindən araşdırmaqla, bütün dövrlərə nəzər yetirməli və baş vermiş hadisələri düzgün təhlil etməli, nəticə etibarilə Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasət kursuna şahid olmalıdırlar. Prezident İlham Əliyev geniş və məzmunlu çıxışında xüsusi məqamlara toxunaraq, Azərbaycanın iqtisadi gücündən bəhs edib, bir sıra vacib məsələləri qeyd edib: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər.Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir”.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın iqtisadiyyatı yüksək templi inkişaf yolundadır. Uğurlu xarici siyasətimiz hərtərəfli inkişafımızı təmin etdiyi üçün bu gün ölkəmizlə əməkdaşlıq və tərəfdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, həqiqətən də ermənilərin apardığı siyasət riyakarlıq, ədalətsizlik prinsiplərinə əsaslanır və onlar daim təcavüzkar mövqe sərgiləyirlər. 2022-ci ilin 13 sentyabr tarixində Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsi də onların təcavüzkar və işğalçılıq siyasətinin bariz nümunələrdən biridir. Bəli, eyni ilə Prezidentin də qeyd etdiyi kimi, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Prezident İlham Əliyevin çıxışlarında Azərbaycanın konstruktiv mövqedə olması, ölkəmizin uğurlu inkişaf yolu keçməsi və bu inkişafa heç bir qüvvənin mənfi təsir və ya müdaxilə göstərə bilməyəcəyi bir daha bəyan olundu. Sevinc hissi ilə qeyd edilməlidir ki, bu gün böyük tərəqqi dövrünü yaşayan ölkəmizdə Prezident İlham Əliyevin apardığı mükəmməl islahatlar kursunun mərkəzində Azərbaycan vətəndaşı dayanır, eyni zamanda həmişəki kimi vətəndaşlarımızın hüquq və azadlıqlarının, ölkəmizin milli maraqlarının layiqincə təmin olunması dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır!

DİGƏR Xəbərlər Arxiv