YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Rəşadətli Ordumuz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə növbəti dəfə missiyasını şərəflə yerinə yetirdi və zəfərə imza atdı. Qeyd edək ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb oldu. Ermənistanın davamlı təxribatları Azərbaycan tərəfini lokal antiterror tədbirlərinə başlamasını şərtləndirdi. Belə ki, sentyabrın 19-da baş verən teror aktı Azərbaycanın dərhal lazımi addımlar atmasına səbəb oldu. Bir gün ərzində davam edən edən lokal antiterror tədbirləri Azərbaycanın irəli sürdüyü şərtlərin qarşı tərəfdən qəbul edilməsi əsasında dayandırıldı. 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, 19 sentyabrda başlanan lokal antiterror tədbirləri zamanı da Azərbaycan tərəfi hansı şərtlər daxilində prosesi dayandıra biləcəyini açıqladı. Şərtlərin bir gündə qəbul olunması Azərbaycanın haqlı mövqeyinin təqdimatıdır.

Həmin şərtlərin qəbulu ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin dialoqu dəstəkləyərək məhz Azərbaycanın təklif etdiyi məkanda-Yevlax şəhərində görüşə razılıq vermələrində də özünün aydın ifadəsini tapdı. Reallıq budur ki, Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət etmişdi. Lakin onlar hər dəfə bundan imtina edirdilər.

Qarabağ bölgəsində yaşayan  ermənilərin nümayəndələrinin  danışıq üçün Yevlaxa gəlməsi Azərbaycanın həm də siyasi, diplomatik müstəvidə uğuru kimi dəyərləndirilir. Azərbaycan öz qətiyyətli mövqeyini nümayiş etdirdi. Yevlaxda keçirilən görüşün məhz Azərbaycan Bayrağı altında aparılması özündə mühüm məqamları ehtiva edir.

Cənab İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində Qarabağ bölgəsində  yaşayan ermənilərin bütün hüquqlarının  təmin ediləcəyini bildirdi. Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir: “Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır və biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik. Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq.”

Həmin müraciətində diqqəti Qarabağın  və Şərqi Zəngəzurun dirçəlişinə yönəldən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu bölgələrdə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib.  Hazırda elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cənab İlham Əliyev İkinci Qarabağ müharibəsi başa çatanda Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyimizi bildirdi. Xalqa müraciətində  “Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq” söyləyən dövlət başçısı qeyd etdi ki, bu, bizim əlimizdədir: “Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!”

Azərbaycanın bugünkü reallıqları, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri onu təsdiqləyir ki, bütün çətinliklərə, işğala, 1 milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq ötən illər ərzində bu günümüz üçün möhkəm təməl yaradılıb. İndi  30 il işğal  altında qalan torpaqlarımız  azaddır. Bərpa-quruculuq işləri sıfırdan ölkəmizin daxili imkanları hesabına həyata keçirilir. Bu işlər, eyni zamanda, soydaşlarımızın doğma yurd-yuvalarına mərhələli şəkildə köçürülməsi ilə müşahidə edilir. Tezliklə bu prosesin də uğurla başa çatacağının şahidi olacağıq. Bu torpaqların həyatında yeni dövr başlayacaq.

“İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür” söyləyən Prezident İlham Əliyev onu da bildirir ki,  kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər.