YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici siyasətin əsas prioritetlərindən biri

Kamillə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasında dostluq və qardaşlıq münasibətləri getdikcə daha da möhkəmlənir. Hər iki dövlət liderlərinin mütəmadi qarşılıqlı səfərləri bu əlaqələri daha da gücləndirir. Prezident İlham Əliyev 8 oktyabr tarixində Tbilisiyə rəsmi səfəri zamanı mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasında mövcud dostluq əlaqələrindən, hər iki dövlətin birgə həyata keçirdiyi iqtisadi layihələr və bu istiqamətdə yaxın gələcəkdə reallaşdırılacaq nəqliyyat layihələri barədə məlumat verdi, eləcə də Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycan dövlətinin mövqeyini açıqladı. Azərbaycan və gürcü xalqları əsrlər boyu mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayır.

Bir çox dövlətlərdə olduğu kimi Gürcüstanda da ulu öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir. Gürcüstan dövləti və xalqı ulu öndər Heydər Əliyevin xatirəsini hər zaman uca tutub. Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasında dostluq əlaqələrinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev və Sovet dövründə Gürcüstana rəhbərlik etmiş və müstəqil Gürcüstan dövlətinin Prezidenti olmuş Eduard Şevardnadzenin dostluğu Azərbaycan və Gürcü xalqlarının daha da mehribanlığına böyük töhfə vermişdir. Hər iki dövlət başçısının öz xalqına və dövlətinə olan bağlılığı xalqları bir birinə daha da yaxınlaşdırdı və bu parlaq şəxslər müstəqil Azərbaycan və Gürcüstan dövlətlərinin inkişafında misilsiz xidmətlər göstərmişlər. Bu gün də Azərbaycan və Gürcüstan dost və qardaş dövlətlər olaraq bütün beynəlxalq təşkilatlarda bir birini dəstəkləyir, eyni zamanda Azərbaycan və Gürcüstan liderləri həmişə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu vurğulayırlar.

Yaxın keçmişdə Gürcüstanın ağır durumunda Azərbaycan bu ölkəyə hər cür yardım və dəstək göstərdi. Vətən müharibəsində Gürcüstan Azərbaycana dəstək verən dövlətlərdən oldu. Gürcüstan öz ərazisindən Ermənistana silah daşınmasına icazə vermədi. Bu, qardaşlığın ən bariz nümunəsi, ədalətin qalib gəlməsinə verilən töhfə idi.

Artıq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərpa edilməsi üçün Ermənistanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan etmişdir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz dövlətləri üçtərəfli formatda əməkdaşlığa başlasalar hər üç dövlət iqtisadi cəhətdən böyük uğurlar əldə edər. Nəqliyyat, enerji təhlükəsizliyi, ticarət sahələrində əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu, ümumilikdə Cənubi Qafqaz regionunun çiçəklənməsinə böyük töhfə verər. Ölkə başçımız çıxışında vurğuladığı kimi Azərbaycan qərəzsiz mövqe nümayiş etdirən bütün beynəlxalq platformalarda Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində danışıqlar aparılmasına müsbət yanaşır. Region dövləti olaraq Gürcüstan bu məsələdə vasitəçi rolunda çıxış edərsə daha müsbət nəticələr əldə etmək olar.

Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində böyük əməkdaşlıq planları var. İki ölkənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri digər dövlətlərin də enerji təhlükəsizliyinə böyük töhfələr verir. Ölkəmizin Gürcüstanın Anakliya və Kulevi limanlarında infrastruktur layihələrinin yaradılmasında iştirak etməsi əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcminin 5 dəfədən çox artırılması nəzərdə tutulub ki, bu da Orta Dəhlizin güclənməsinə xidmət edir. Enerji sahəsində də Azərbaycan və Gürcüstan birgə əməkdaşlıq həyata keçirir. Azərbaycanda istehsal olunacaq "Yaşıl enerji" Gürcüstan vasitəsilə Avropaya ixrac ediləcək. Bütün bu layihələri reallaşdırmaq üçün hər iki dövlət siyasi iradə nümayiş etdirir.

Azərbaycan və Gürcüstan dost və qardaş dövlətlər olmaqla yanaşı, həm də strateji tərəfdaş dövlətlərdir. Azərbaycanla Gürcüstan arasında ali və yüksək səviyyəli çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Cari səfər Prezident İlham Əliyevin Gürcüstana 11-ci səfəridir. Bu il aprelin 7-də Gürcüstanın Baş Naziri İrakliy Qaribaşvili ölkəmizə (Qəbələyə) səfər edib. Ölkələrimiz arasında ümumilikdə 125-dən çox sənəd imzalanıb. 1996-cı il martın 8-də imzalanan "Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə" ölkələrimiz arasında tərəfdaşlığın təməlini qoyan sənəddir. 2022-ci ildə iki dövlət arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə Gürcüstan Azərbaycana 279 milyon, Azərbaycan isə Gürcüstana 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyub. Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq əlaqələri daha da güclənəcək və möhkəmlənəcək.