YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşıb

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı səsləndirir ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrlərdə bu istiqamətdə çox işlər görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. Sərbəst toplaşmaq, siyasi fəaliyyət azadlığı tam təmin edilir. Cənab İlham Əliyev, həmçinin bildirir ki, Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi bundan sonra da  davam etdirəcəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.

Ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. 9 fevral 2020-ci il tarixində keçirilən növbədənkənar parlament seçkiləri də bunun bariz nümunəsi oldu. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə belə bir mühüm addımın atılmasına nail olan ölkəmiz bir daha yenilişməyə, təkmilləşməyə açıq olduğunu, hər bir yeni təcrübənin tətbiqinə maraq göstərdiyini, islahatlar prosesinin qaçılmazlığını nümayiş etdirdi.

Dövlət başçısı İlham Əliyev altıncı  çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bu kimi məqamlara, Azərbaycanın ayrı-ayrı sahələrdə davamlı uğurlarına diqqəti yönəldərək belə bir  əminliyi ifadə etmişdir ki,  biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik.  Azərbaycan parlamenti bu işdə fəal olacaq.

Ölkə Prezidenti, eyni zamanda, bildirmişdir ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.

Demokratik cəmiyyətin varlığını təsdiqləyən mühüm amillərdə biri çoxpartiyalı sistemin yaradılmasıdır. Ölkəmizdə siyasi partiyaların yaradılması və normal fəaliyyəti üçün zəruri imkanlar yaradılıb. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün davamlı addımlar atılır. Artıq yeni “Siyasi partiyalar haqqında” qanun qəbul olunub. Təbii ki, belə bir addımın atılması zəruri idi. Çünki əvvəlki Qanun qəbul olunduğu 1992-ci ilin  reallıqlarını əks etdirirdi. Bu, o dövr idi ki, müstəqilliyimiz yenicə bərpa olunmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni mərhələ başladı. Yeni “Siyasi partiyalar haqqənda” qanunun qəbul olunduğu zaman isə tamamilə fərqli çağırışları qarşıya qoydu. Belə ki, artıq tariximizin Zəfər səhifəsi yazıldı və yeni reallıqlar yeni qanunların qəbulunu, yaxud bəzi qanunlara yeni əlavə və dəyişikliklərin edilməsini bir tələb kimi qarşıya qoydu.  

Ölkəmizdə aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Kadr islahatları aparılır. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verir. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

İstər “Media haqqında”, istərsə də “Siyasi partiyalar haqqında” yeni Qanunlar  Azərbaycanın yeniliklərə, təkmilləşməyə nə qədər maraq göstərdiyini təsdiqləyir. Atılan bu kimi addımlar bir daha sübut edir ki, demokratikləşmə sadəcə bir niyyət, şüar deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir. Tarixi Zəfərimizdən ötən dövrdə bu istiqamətdə atılan addımlar siyasi dialoq mühiti barədə aydın təsəvvür yaradır. O da məlumdur ki, hələ 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə 50-dən artıq siyasi partiya dövlət başçısı İlham Əliyevin mövqeyini dəstəkləyərək bunu birgə imzaladıqları bəyanatla təsdiqlədilər. Tarixi Zəfərimizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında isə 6 siyasi partiya YAP-a qoşulmaq barədə qərar qəbul etdi.

Cənab İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında belə bir əminliyi ifadə etmişdir ki, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır: “Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.”

DİGƏR Xəbərlər Arxiv