Xəbərlər
YAP 33 il - Xalqın inam və etimad ünvanı
Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən, ölkəmizdə ən güclü siyasi təşkilatdır və 33 illik fəaliyyəti devrində xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçərək xalqın inam və etimad ünvanına çevrilmişdir.
Yeni Azərbaycan Partiyası, tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə, Azərbaycan ziyalılarının təşəbbüsü ilə tarixi zərurətdən yaranmışdır.
Sovet rejiminin süqutundan sonra müstəqillik əldə etmiş Respublikalardan biri kimi Azərbaycanda da, müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başladı. 1990-cı ilin əvvəlində bir sıra təşkilatlar və siyasi partiyalar yarandı ki, həmin partiyalar da ölkəni düşdüyü ağır iqtisadi, siyasi və mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr Respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi.
Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək xalqın sınanmış lideri və müdrik oğlu, Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər və 1992-ci il noyabrın 21-də Müstəqil Azərbaycanda öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın gələcək həyatında mühüm rola malik olan Yeni Azərbaycan Partiyası yarandı.
33 illik fəaliyyəti devrində Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, dövlətçilik ənənələrini yaşadan, onları yeni reallıqlara uyğun şəkildə inkişaf etdirən böyük bir siyasi məktəb olmuşdur.
Həmin illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması, Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilir. Həyatın mənasını xalqına xidmətdə görən, “Yeni Azərbaycan Partiyasına xidmət etmək, millətə, xalqa və dövlətə xidmət etməkdir” deyən Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı qüvvəsi olmaqla, xalqın xoşbəxt gələcəyinə hədəflənən Heydər Əliyev ideyalarının həyata keçirilməsində əvəzsiz rola malikdir. Xalqımız “Dünənin, bu günün və gələcəyin” partiyası olan Yeni Azərbaycan Partiyasının dünəninə minnətdarlıqla, bu gününə qürur və iftixarla, gələcəyinə isə böyük ümidlərlə baxır.
Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, daim xalqımızın arzularının təcəssümü və yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.
Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin edib. Müzəffər Ali Baş Komandan, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir, soydaşlarımızın öz ata-baba torpaqlarına Böyük Qayıdışı təmin olunur.
Bu gün Partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar, həmçinin Vətən müharibəsində qazanılmış Möhtəşəm Qələbə, ölkədə milli birlik yaratmışdır. Milli həmrəylik, dövlət siyasətinin strateji prioriteti kimi yeni inkişaf mərhələsinin təcəssümünə çevrilmişdir. Bu monolit birlik 2024-cü ilin 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkilərində özünü bir daha açıq şəkildə göstərdi. Xalq bir yumruq kimi birləşərək mütəşəkkillik nümayiş etdirdi və Qalib Xalqın Qalib Lideri cənab İlham Əliyevi yenidən Prezident seçdi və ölkəmizin daha uğurlu inkişafına təminat verdi.
Bu gün Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinə alternativ yoxdur. Bu məqsədyönlü siyasət beynəlxalq aləmdə layiqincə qiymətləndirilir və Azərbaycan xalqı tərəfindən yüksək dəstəklənərək, ölkəmizi demokratiya yolu ilə inamla irəliyə aparır.
Bütün bunlar deməyə əsas verir ki, Ulu Öndərin yaratdığı Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkənin aparıcı siyasi qüvvəsi kimi, milli mənafeləri istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var və zaman ötdükcə, bu qarşılıqlı dəstək daha da güclənəcək.
Ulu Öndərimizin partiyanın I qurultayında qeyd etdiyi kimi: “Yeni Azərbaycan Partiyası yarandığı dövrdən indiyə qədər Azərbaycanın ictimai-siyasi həyatında özünün dəyərli yerini tutubdur və bu yeri heç kəsə verməyəcək, get-gedə öz yerini möhkəmləndirəcəkdir”.
Bu fikir bu gün olduğu kimi, gələcəkdə də öz qüvvəsini, aktuallığını saxlayacaqdır və ona əməl etmək isə, partiyamızın və qədirbilən xalqımızın ən ümdə vəzifəsidir.
Əminliklə deyə bilərik ki, Yeni Azərbaycan gerçəkliyini yaratmış Partiyamız qarşıdakı dövrdə də, üzərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirməklə, milli tərəqqiyə mühüm töhfələr verəcək, xalqın inam və etimad ünvanı olaraq Azərbaycanın inkişafı üçün sönməz mayak olacaqdır.
