Xəbərlər
Şirvan şəhərində YAP-ın təsis olunmasının 33-cü ildönmü qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatında partiyanın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsi önünə gül dəstələri düzülüb. Daha sonra rayon Şəhidlər xiyabanı ziyarət olunaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətənin qəhrəman övladlarının məzarları önünə tər güllər qoyulub.
YAP Şirvan şəhər təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Sonra gənc rəssamların siyasi və vətənpərvərlik ruhunda təqdim etdikləri əsərlərdən ibarət sərgi nümayiş olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, Uşaq Baxçaları Birliyi ərazi partiya təşkilatının sədri Təranə Əhməd, “Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatının sədri Taleh Məmmədov, şəhid yoldaşı Gülnar Hümbətova və şəhid anası Məryam Həsənova çıxış ediblər.
Natiqlər partiyanın yaranma tarixindən, YAP-ın dövlətçilik ənənələrinin bərpasında oynadığı həlledici roldan danışıblar. YAP-ın ölkənin siyasi sistemindəki rolu yüksək qiymətləndirilərək, partiyanın yaranmasının Azərbaycan siyasi sistemində əsas dönüş nöqtələrindən biri olduğu vurğulanıb.
Tədbirin sonunda partiyanın ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup üzv fəxri fərmanla təltif olunub. Yubiley yaşında olan partiya veteranlarına hədiyyələr təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
