YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam Şəhəri Günü: Qayıdışın, dirçəlişin və quruculuğun rəmzi

Nurlan Həsənov

Milli Məclisin deputatı

20 Noyabr – Ağdam şəhəri günü Azərbaycan xalqı üçün böyük qürur mənbəyidir. Bu əlamətdar gün ölkənin ərazi bütövlüyünün bərpası və şəhərin yenidən qurulması istiqamətində əldə olunan nailiyyətləri nümayiş etdirir.

Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin dirçəlişi mühüm prioritet hesab edilir. Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd edib: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Bu fikirlər praqmatik dövlət siyasətinin təcəssümü kimi dəyərləndirilir. 20 noyabr günü həm də Ağdamın tarixində yeni bir mərhələnin başlanğıcıdır, xalqın birliyi və iradəsinin təzahürüdür.

Ağdam rayonu 1930-cu ildə yaradılmışdır, sahəsi 1094 kvadrat kilometr olan rayonun relyefi əsasən düzənlik və qismən dağlıqdır. Rayonun strateji mövqeyi onun Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində və Kür-Araz ovalığının qərbində yerləşməsi ilə müəyyən edilir. Bu coğrafi mövqe həm kənd təsərrüfatı üçün əlverişli şərait yaradır, həm də regionun tarixi və mədəni əhəmiyyətini artırır. Rayonun təbii resursları və zəngin torpaq potensialı uzun əsrlər boyunca yerli əhalinin həyat tərzini və mədəni inkişafını formalaşdırmışdır.

Rayon ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqatlar göstərir ki, Ağdam qədim insanların yaşayış məskənlərindən biridir. Tapılan maddi-mədəniyyət qalıqları sübut edir ki, ilk insanlar burada altı-səkkiz min il əvvəl, Eneolit dövründə yaşamış və yüksək əkinçilik və maldarlıq mədəniyyətinə malik olmuşlar. Üzərriktəpədə aparılan tədqiqatlar nəticəsində Ağdamın Qafqazda ilk şəhər tipli yaşayış məskəni və zəngin abidələrdən biri olduğu müəyyən edilmişdir. Bu faktlar bölgənin tarixi əhəmiyyətini artırmaqla yanaşı, gələcək nəsillərə unikal mədəni irs qoymuşdur.

42 gün davam edən döyüşlər 23 iyul 1993-cü il tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Beləliklə, 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur olmuş, 6 mindən çox insan şəhid olmuş, minlərlə insan yaralanmışdır. Əhali öz doğma evlərindən qovularaq Azərbaycanın 59 rayonunda məskunlaşmışdır. İşğal Ağdamın tarixi, mədəni və iqtisadi həyatına ağır zərbə vurmuş, regionun sosial-iqtisadi infrastrukturunu demək olar ki, tamamilə məhv etmişdir.

1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmiş, işğalçı qüvvələrin ərazilərimizdən dərhal çıxarılmasını tələb etmişdir. Lakin Ermənistan beynəlxalq qərarlara zidd olaraq həmin ərazilərdə coğrafi adları dəyişdirmiş, soydaşlarımızın mülkiyyətini kütləvi şəkildə talan etmiş, yanğınlar törətmişdir. Bu hərəkətlər etnik təmizləmə və hərbi təcavüz niyyətini açıq şəkildə göstərmişdir.

Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da insan tələfatının qarşısı alınıb. Həmin tarixi hadisə bu doğma məkanın yenidən qurulması və bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə zəmin yaradıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş və Silahlı Qüvvələrin 5790 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur. Həmin qərar Ağdamın işğaldan azad olunmasının tarixi əhəmiyyətini nümayiş etdirir.

Dövlətimizin başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilmiş və 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunmuşdur.  “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” çərçivəsində şəhərin sosial, iqtisadi və mədəni həyatı yenidən qurulur. Plan əsasında şəhərdə 5 məhəllə tikilməsi nəzərdə tutulur, burada 100 min nəfər əhalinin yaşaması planlaşdırılır. Hazırda bərpa işləri davam edir, yollar çəkilir, istehsal müəssisələri qurulur, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir.

Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir və hazırda 9 müəssisə fəaliyyət göstərir. Burada 938 nəfər daimi işlə təmin olunub, 115 milyon manatdan çox investisiya yatırılıb. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi 2025-ci ilin mayında istifadəyə verilib, şəhərin nəqliyyat potensialını artırır və regionda logistikanı gücləndirir. Ağdam Muğam Mərkəzi isə qədim muğam sənətinin qorunması, tədrisi və təbliği üçün mühüm rol oynayır, gənc nəsildə muğama sevgi aşılayır.

Bütün bu layihələr Ağdamın əvvəlki şöhrətini bərpa edir və şəhərin sosial, iqtisadi və mədəni həyatının yenidən canlanmasına zəmin yaradır. Dağıdılmış şəhərin yenidən qurulması tarixi torpaqlara qayıdışı təmin edir və işğaldan azad edilmiş ərazilərin potensialının tam reallaşdırılmasına imkan verir. Ağdam şəhəri gününün qeyd olunması isə bərpa və inkişaf proseslərinin xalqın həmrəyliyi və iradəsi ilə reallaşdırıldığını bir daha sübut edir.