YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan Partiyası: 33 illik inkişaf və Zəfər yolu”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: 33 illik inkişaf və Zəfər yolu” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, YAP Veteranlar Şurasının üzvləri Sudeyf İmamverdiyev, Misir Mərdanov, Arif Qaraşov, həmçinin respublikanın müxtəlif qurumlarını təmsil edən rəsmilər, ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları, rayonun idarə və müəssisə rəhbərləri, ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil Azərbaycanın tərəqqisi, qazanılmış möhtəşəm nailiyyətlər və formalaşmış güclü dövlətçilik ənənələri Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa əsaslanır.

O qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına yeni nəfəs gətirib, mürəkkəb tarixi mərhələdə milli iradənin və lider-xalq birliyinin simvoluna çevrilib. Bəxtiyar Nəbiyev vurğulayıb ki, Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi Zəfər ölkəmizi dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevirib.

YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən olan Sudeyf İmamverdiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları və siyasi uzaqgörənliyi nəticəsində yaranan Yeni Azərbaycan Partiyası bu gün 740 mindən çox üzvü ilə ölkənin ən böyük siyasi təşkilatıdır. Partiyanın fəaliyyətinin əsas məqsədləri müstəqilliyin qorunması, ərazi bütövlüyünün bərpası, demokratik və hüquqi dövlət quruculuğu 33 il ərzində ardıcıl şəkildə reallaşdırılıb. O vurğulayıb ki, Azərbaycanın əldə etdiyi bütün zəfərlərdə YAP-ın siyasi xəttinin xüsusi rolu var.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin qorunması, ərazi bütövlüyünün təmin edilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm siyasi missiya yerinə yetirir. Prezident İlham Əliyevin sədrliyi ilə partiyanın Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrilməsi, Azərbaycanın dünya arenasında mövqelərinin güclənməsi YAP-ın fəaliyyətinin əsas göstəricilərindəndir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olduğunu qeyd edib. O vurğulayıb ki, YAP-ın 33 illik fəaliyyəti xalq-iqtidar birliyinin sarsılmazlığını sübut edir. Müstəqil Azərbaycan dövlətinin sürətli inkişafında Prezident İlham Əliyevin siyasi kursuna göstərilən dəstək mühüm rol oynayır və bu prosesdə YAP Yasamal rayon təşkilatı da özünəməxsus fəaliyyət göstərir.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın ictimai-siyasi fəaliyyətində fərqlənən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Tədbir Azərbaycan Milli Konservatoriyasının təqdimatında bədii hissə ilə davam edib.