YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Parlamentinin qərəzi və mərəzi

Mübariz Qurbanlı

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Avropa qitəsi tarixi, siyasi nüfuzu və iqtisadi göstəriciləri baxımından dünyanın aparıcı məkanlarından biridir.  Hazırda bu qitədə 45-dən çox dövlət var. Bunlardan 27 dövlət Avropa İttifaqında (Aİ) birləşib. Aİ-nın müxtəlif təsisatları var və bunlardan da biri Avropa Parlamentidir (AP).

AP Aİ-na üzv dövlətlərin əhali sayına görə formalaşır. Yəni əhali sayı çox olan dövlətlər AP-də daha çox deputatla təmsil olunurlar. Əhalisinin sayı az olan dövlətlər müqayisəli şəkildə az deputat yeri alırlar. Ona görə hazırda Aİ-da hegemonluq edən üzvlər əsasən Almaniya, Fransa, İtaliya, İspaniya kimi əhalisinin sayı çox olan dövlətlərdir.

Son illərin də mənzərəsi göstərir ki, Aİ -da təmsil olunan dövlətlər arasında dərin ziddiyətlər və böhran var. Bir neçə il öncə Böyük Britaniyanın bu qurumu tərk etməsinin başlıca səbəblərindən biri məhz bu idi. Bu böhran həm də AP-də müşahidə olunur. Son illərdə ortaya çıxan həqiqətlər AP-nin həm də korrupsiya yuvası olduğunu göstərir.

Aydındır ki, AP yekdil bir qurum deyildir. Burada qeyd etdiyim kimi müxtəlif ölkələrin əhali sayına uyğun olaraq nümayəndələri təmsil olunur. Hər bir ölkənin nümayəndəsi AP-na seçildikdən sonra öz ölkəsində təmsil etdiyi partiyanın ideoloji xəttinə uyğun olaraq qruplarda təmsil olunur. Yəni AP-nın deputatları hansısa məsələ ilə bağlı səs verdikdə vətəndaşı olduğu dövlətin deyil, üzvü olduğu qrupun təmsilçisi kimi səsvermədə iştirak edir.

Son seçkilərdən sonra AP-da 705 deputatın olduğu bildirilir. İndiki şəraitdə AP-də 7 partiya qrupu vardır. Bu partiya qrupları öz sıralarından rəhbər seçirlər. Aydındır ki, deputat sayı çox olan ölkələrin nümayəndələri qrup rəhbərləri seçilirlər.

AP Aİ-nın fəaliyyəti, xüsusilə xarici siyasəti ilə bağlı tövsiyyəvi xarakterli qətnamələr qəbul edir. İqtisadi və daxili məsələlərlə bağlı qəbul olunan sənədlərdən fərqli olaraq, xarici siyasətə dair qəbul olunan qətnamələr tövsiyyəsi xarakter daşıyır.

AP-də zaman-zaman müxtəlif məsələlərlə əlaqədar qətnamələr qəbul edilir.  Azərbaycanla da əlaqəli AP-də ayrı-ayrı vaxtlarda qətnamələr qəbul olunub. Amma biz bu qətnamələrə baxdıqda onların Ermənistanın mövqeyini müdafiə etdiyini görməkdəyik. Doğrudur, iqtisadi, xüsusilə, neft və qaz idxalı ilə bağlı qətnamələrdə fikirlər başqa səpkidə olur. Amma siyasi xarakterli məsələlərdə AP-nin açıq şəkildə Ermənistanın mövqeyini müdafiə etdiyini görürük.

Amma Ermənistanın Azərbaycana qarşı hərbi təcvüzü, ərazilərimizi zəbt etməsi, azərbaycanlı əhalinin məcburi köçkün vəziyyətinə düşməsi, Xocalı soyqırımı və digər erməni cinayətləri ilə bağlı AP-də heç vaxt hansısa müzakirələr açılmayıb. Bu qurum Ermənistanın işğalçı siyasəti ilə bağlı hansısa qətnamə qəbul etməyib. Lakin Azərbaycanla bağlı indiyədək 38 qətnamə qəbul edilib. Onları nəzərdən keçirəndə Ermənistanın təcavüzkar mövqeyini müdafiə edən müddəaları görməkdəyik.

Oktyabrın 18-də AP Azərbaycanla bağlı növbəti qərəzli qətnamə qəbul edib.  Bu qətnamədə dövləti cinayətlərdə ittiham olunan şəxsləri müdafiə adı altında konkret cinayət əməllərinə siyasi don geyindirilməsinə, qanunun aliliyinə kölgə salmağa və məhkəmə proseslərinə müdaxilə etməyə cəhd olunur.

Bu qətnamənin qəbulu ilk növbədə onu göstərir ki, AP anti-Azərbaycan ritorikasından əl çəkə bilmir. Qətnamə ilə tanışlıq zamanı həm də qurumun əvvəlki qətnamələri göz önünə gəlir. 2020-ci ildə Azərbaycan Ermənistanın törətdiyi təxribatlardan sonra hərbi əməliyyatlara başladı. 44 günlük müharibədə Azərbaycan Ordusu cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə döyüşərək qalib gəldi və Ermənistan kapitulyasiya aktına imza atdı. Müharibənin gedişi dövründə Prezident İlham Əliyev xarici KİV-ə müsahibələr verdi. Həmin müsahibələrdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi birmənalı şəkildə ifadə olunurdu. Bəs həmin dövrdə AP Ermənistanın təcavüzkar siyasəti ilə bağlı hansı addımı atdı? Həmin günlərdə AP-nin qəbul etdiyi qətnamədə yenə də Ermənistanı müdifiə edə fikirlər yer aldı. Halbuki Azərbaycan haqlı idi və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünün bərpası uğrunda ədalətli mübarizə aparırdı.

2023-cü ildə Azərbaycan antiterror tədbirləri həyata keçirəndə yenə də AP qətnamə qəbul edərək, Azərbaycan əleyhinə tezislər səsləndirdi. Eyni zamanda Qarabağdakı erməni əhalinin könüllü şəkildə Azərabycan ərazilərini tərk etdiyi zamanda AP şişirdilmiş rəqəmləri ifadə etməklə, respublikamıza qarşı qətnamə qəbul etdi. Bütün bunlar bir daha AP-nin qərəzli və ermənipərəst simasını göstərdi.

Onu da qeyd edim ki, dekabrın 18-də qəbul olunan qətnaməyə AP-nin bütün deputatları səs verməyiblər. Çünki Aİ-da Azərbaycana dost olan dövlətlər var. Həmin ölkələrdən olan parlamentarilər AP-də Azərbaycana qarşı ədalətsiz, qeyri-obyektiv və qərəzli sənədin qəbul olunmasına etiraz etmişlər. Lakin AP-də çoxluqda olanların antiazərbaycançı siyasi dairələri təmsil etmələri nəticəsində belə bir qərəzli qətnamə qəbul olunub.

Azərbaycan Milli Məclisinin dekabrın 19-da keçirilən iclasında AP-nin 2025-ci il 18 dekabr tarixli qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edildi. Bəyanat geniş müzakirə olundu, deputatlar dəyərli fikirlər səsləndirdilər və bildirdilər ki, AP-nin qəbul etdiyi qətnamə qərəzlidir. Bu qərəzli qətnamə həm də AP-nin mərəzidir. Çünki burada Azərbaycanla bağlı belə qətnamələrin qəbulu artıq mərəzə çevrilib.

Bir məsələyə də diqqət yetirməliyik.  Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Üzvü olmadığımız bir təşkilatda ölkəmizlə bağlı qərəzli, böhtan xarakterli bir sənədin qəbul edilməsi isə siyasi-etik baxımdan doğru deyil. Sual olunur, AP hansı əsasla Aİ-nın üzvü olmayan bir ölkə ilə bağlı sənəd qəbul edir? Milli Məclisin qəbul etdiyi bəyanatda AP-nin qətnaməsi birmənalı şəkildə pislənilir. Milli Məclisin Sədri Sahibə Qafarova çıxışında xüsusi vurğuladı ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında hərəkət edərək milli maraqlarına zidd olan bütün qərəzli addımları bundan sonra da qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.

Onu da qeyd edim ki, AP ilə yanaşı Aİ tərəfindən də Azərbaycanla bağlı qərəzli addımların atıldığı görünür. Söhbət bu yaxınlarda Ermənistanla Aİ arasında imzalanan “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddən gedir. Bu sənəddə post-münaqişə dövrünün reallıqları təhrif edilir, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlər prioritetləşdirilir. Sənəddə bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmala istinad olunmur, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslər “əsir” statusunda qeyd edilirlər. Həmçinin, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlər “qaçqın” statusunda göstərilirlər. Sənəd Ermənistanda revanşizmə rəvac verən müddəalarla doludur. Bütün bunlar Aİ-nın Azərbaycana qarşı qərəzinin açıq-aydın nümunəsidir və ölkəmizlə bu qurum arasındakı münasibətlərə mənfi təsirini göstərir.  Eyni zamanda, bütün bunlar regiondakı sülh və təhlükəsizlik təşəbbüslərinə qarşı çıxmaq deməkdir.

Bütövlükdə həm Ermənistanla Aİ arasında imzalanan “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd həm də AP-nin dekabrın 18-də qəbul etdiyi qətnamə qəbuledilməzdir. Bütün bunlar Azərbaycan ictimai rəyində etirazla qarşılanır və şiddətlə pislənilir. 

AP bu cür qətnamənələri ilə həm özünü rüsvay edir, həm də Avropa ictimai rəyini çaşdırır. Bildiyimiz kimi, bu gün Azərbaycanın Aİ-nın üzvlərinin üçdə biri ilə strateji tərəfdaşlıq əlaqələri var. Azərbaycan Aİ-nın 8 üzvünə təbii qaz ixrac edir. AP-nin bu cür qərəzli qətnamələri Azərbaycanla Aİ üzvləri arasındakı tərəfdaşlıq münasibətləri ilə ziddiyət təşkil edir.

Azərbaycanın regionun lideri, qlobal məsələlərdə söz və nüfuz sahibi olan dövlətdir. Hansısa qərəzli qətnamə Azərbaycana təsir edə və ölkəmizi öz yolundan döndərə bilməz. Hansısa sənədlər Prezident İlham Əliyevin qətiyyətli və praqmatik siyasətinə təsir göstərə bilməz. Tarixi təcrübə də göstərir ki, AP-nin qəbul etdiyi qətnamələr Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyildir.