YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Etibarlı dövlət

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycan bu gün bərpaolunan enerji potensialı ilə dünyanın diqqətindədir. Bu reallıq beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan xüsusilə külək enerjisi və yaşıl hidrogen sahələrində rəqabətdə üstünlüyə malikdir. Ekspertlərin proqnozlarına görə, artıq 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin Azərbaycanda elektrik enerjisi sistemində payı 30 faizə çatacaq. Azərbaycanda bərpaolunan enerji bazarlarının inkişaf perspektivləri həm külək enerjisi sahəsində, həm də günəş generasiyası, hidroenergetika və digər yaşıl enerji sahələrində müxtəlif layihələrin icrası üçün müvafiq təcrübəyə malik bir çox şirkətlər qarşısında imkanlar açır.

Dövlət başçısı İlham Əliyev hər bir çıxışında Azərbaycanın uğurlu enerji siyasətindən geniş bəhs edir. Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Ölkə Prezidenti mərasimdəki çıxışında bildirdi ki, son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə, böyük peşəkarlıq, böyük vəsait tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır: “Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə Günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır”.

Ölkəmizdə  enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biridir. Son 20 ildə  enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Həmin dövrdə ölkəmizdə yaradılmış generasiya gücləri əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb.  Bu gün  generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.

Azərbaycan daim beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Enerji diplomatiyamızın uğurları bunun təsdiqidir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi fonunda yeni-yeni layihələr gündəmə gətirilir və birgə səylər əsasında uğurlu sonluqla başa çatdırılır. Hazırda Azərbaycan bərpaolunan enerji sahəsində mövcud imkanlarından səmərəli istifadə edərək yeni əməkdaşlıq formatlarının yaranmasına yol açır. 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 malik olduğumuz bərpaolunan enerji potensialımızın təqdimatında əhəmiyyətli rol oynadı.

Cənab İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində gələcək planlardan da bəhs edərək bildirdi ki, nəzərə alsaq ki, bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın. Dövlətimizin başçısı  xarici investorları da bu işə dəvət etdi.

İmzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər su elektrik stansiyalarının potensialını əlavə etsək, potensialımız  daha da artacaq. Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib.  Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib. O bölgədə  təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək.

Sözügedən mərasimdə “Bu gün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük” söyləyən cənab İlham Əliyev bu çağırışı etdi ki,  Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Həm xarici, həm də yerli investorları Azərbaycana sərmayə qoymağa çağırıram. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur. Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir. Neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir.

DİGƏR Xəbərlər Arxiv