Xəbərlər
Daşkəsəndə Gənclər Günü qeyd olunub
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı, Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon üzrə Gənclər və İdman Sektoru, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyi, rayon Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Əvvəlcə Daşkəsən şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Daşkəsən rayon Gənclər və İdman sektorunun müdiri Samir Həsənov, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının Daşkəsən rayon xidmət şöbəsinin baş mütəxəssisi Elvin Verdiyev, Daşkəsən rayon Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta məktəbinin müəllimi Günay Qasımova çıxış ediblər.
Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir.
Vurğulanıb ki, dövlət başçısı gəncləri Azərbaycanın gələcəyi və inkişafı üçün əsas strateji resurs hesab edir.
Həyata keçirilən siyasət Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, onların təhsildə, mədəniyyətdə, idmanda və ictimai fəaliyyətlərdə uğur qazanmasına yönəlib. Ölkə gənclərinin fiziki və mənəvi sağlamlığı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və tərəqqisi üçün yaradılan şərait və imkanlar dövlət başçısının bu sahəyə böyük diqqətinin əyani sübutudur.
Azərbaycan gəncliyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində yüksək vətənpərvərlik, fədakarlıq və qəhrəmanlıq nümunələri göstərərək torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmiş, xalqımıza böyük Qələbə sevincini yaşatmışdır. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının aşkar edilməsi sahəsində reallaşdırılan çoxsaylı layihələr də təqdirəlayiqdir.
Tədbir interaktiv formada davam edib, gənclərin sualları cavablandırılıb.
Sonra Azərbaycan Gəncləri Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gəncə fəxri fərman verilib.
