Xəbərlər
“Gənclik - yeni zəfərlərə doğru”
Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı, Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 500 ailəlik Xocavənd qəsəbəsində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclik - yeni zəfərlərə doğru” devizi altında rayon forumu keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycanda dövlət gənclər siyasətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayonu üzrə sektor müdiri Aslan Quliyev və digərləri çıxış ediblər.
Qeyd olunub ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün də uğurla davam etdirilir. Vurğulanıb ki, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, beynəlxalq arenada dövlətimizi layiqincə təmsil edirlər.
Son illər ərzində gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə dövlət proqramlarının icrası sahəsində mühüm işlər görülüb. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlə 30 illik torpaq həsrətinə son qoyaraq, gəncliyimizin nəyə qadir olduğunu bütün dünyaya sübut edib.
Tədbirin sonunda YAP Xocavənd rayon təşkilatının ictimai-siyasi, mədəni həyatında fəal iştirakına görə bir qrup gəncə fəxri fərman və təşəkkürnamə verilib.
