Xəbərlər
Gənclər Günü Göygöldə də qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan gəncliyinin inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Rayon Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov və digərləri çıxış ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin formalaşması və inkişafı naminə göstərdiyi misilsiz xidmətlərdən bəhs olunub, Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində müasir, vətənpərvər və fəal gənc nəslin yetişdiyi bildirilib.
Qeyd olunub ki, məqsədyönlü dövlət siyasəti gənclər sahəsində ardıcıl uğurların əldə olunmasına şərait yaradıb. Natiqlər gənclərin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və fərqlənən gənclərin dəstəklənməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, gənclərin təşəbbüskarlıq, ictimai fəallıq, sosial məsuliyyət, innovasiya və özünüinkişaf bacarıqlarının formalaşdırılmasının vacibliyini qeyd ediblər.
Tədbirin sonunda bir qrup gəncə fəxri fərman, təşəkkürnamə, YAP sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri verilib.
