Xəbərlər
Xocalı faciəsinin qurbanları yad edilib
Naftalan şəhərində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı və suverenliyimizin bu günü” mövzusunda tədbir keçirilib.
Tədbirdən əvvəl iştirakçılar şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən stendlərə və Xocalıya həsr olunmuş kitablara baxış keçiriblər.
Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov və digərləri bildiriblər ki, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığına qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Vurğulanıb ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu gün isə Qarabağda, o cümlədən Xocalıda qətliamlar törədənlər Bakıda ədalət məhkəməsinə çıxarılır, qanun qarşısında cavab verirlər.
Əlavə edilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı yenidən qurulur, abadlaşdırılır, xocalılar öz doğma yurdlarına qayıdırlar.
