YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı ilə bağlı tədbir təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Daha sonra Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova, şəhid Camal İbrahimovun bacısı Nüşabə İbrahimova, şəhər 9 saylı tam orta məktəbin müəllimi Aynur Cəfərova, Ağcabədi Pedoqoji Kollecinin tələbəsi Tünzalə Həsənova, Xocalı sakini Cəmil Rəhimov və rayon ictimaiyyətinin nümayəndəsi Aidə Abışova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqının tarixində Xocalı soyqırımı ən dəhşətli faciələrdən, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Qadınların, uşaqların və qocaların xüsusi qəddarlıqla qətlə yetirilməsi, insan meyitləri üzərində təhqiramiz hərəkətlərin edilməsi bu hadisənin miqyasını və vəhşiliyini açıq şəkildə göstərir. Bildirilib ki, Xocalı soyqırımının əsl mahiyyəti Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra tam şəkildə açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən faciəyə siyasi-hüquqi qiymət verilmişdir.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi dövründə Xocalının bir sıra kəndlərinin işğaldan azad olunması ilə başlanan proses 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində Xocalının və bütün kəndlərinin tam azad olunması ilə başa çatmışdır.

Sonra Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri və Ağcabədi şəhər 4 nömrəli uşaq bağçasının azyaşlıları Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.