YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qürurun, tarixi ədalətin və sarsılmaz iradənin Zəfəri

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

“Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq.” Bu fikir təkcə bir siyasi bəyanat deyil, bütöv bir xalqın taleyinə yazılmış Zəfər hökmüdür. Bu sözlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xocalı sakinləri ilə görüşü zamanı səsləndirdiyi tarixi həqiqətin ifadəsidir.

2020-ci ilin payızında başlanan Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, dövlətimizin gücünü və Ordumuzun peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. 27 sentyabrdan 10 noyabra qədər davam edən 44 günlük şanlı yürüş işğala son qoydu. Düşmən illərlə qurduğu istehkamların, səngərlərin, mifə çevirməyə çalışdığı “keçilməz müdafiə xətti”nin bir neçə həftə içində darmadağın olduğunu gördü.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı azad edildi. Hadrut düşməndən təmizləndi. Və nəhayət, Azərbaycan mədəniyyətinin tacı olan Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu. Şuşa əməliyyatı hərb tariximizə qızıl hərflərlə yazıldı. Bu Qələbə düşmənin müqavimət iradəsini qırdı.

10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat faktiki kapitulyasiya aktı idi. Ermənistan rəhbərliyi məğlubiyyətini etiraf etməyə məcbur oldu. Azərbaycan döyüş meydanında əldə etdiyi üstünlüyü siyasi sənədlə təsdiqlədi. Müharibə qalib dövlətin şərtləri ilə dayandırıldı.

Bu, təsadüfi uğur deyildi. Bu Zəfərin təməlində uzun illər aparılan məqsədyönlü dövlət siyasəti, güclü ordu quruculuğu və milli həmrəylik dayanırdı. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik kursu məhz bu günlər üçün strateji zəmin yaratmışdı.

Əgər 44 günlük müharibə hərbi Zəfər idisə, Xocalıya qayıdış onun mənəvi zirvəsidir. 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında qanlı səhifə kimi qalmışdı. Günahsız insanların amansızcasına qətlə yetirilməsi, uşaqların, qadınların, qocaların faciəsi uzun illər xalqımızın ürəyində sağalmaz yara idi.

Bu gün isə həmin Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Prezident İlham Əliyevin Xocalı sakinləri ilə görüşü zamanı söylədiyi fikirlər yalnız siyasi bəyanat deyildi – bu, ədalətin bərpa olunmasının təsdiqi idi. O görüşdə səslənən sözlərdə qürur vardı, qətiyyət vardı, həm də dərin mənəvi məsuliyyət hissi vardı.

Xocalıya qayıdan sakinlərin gözlərində həm ağrı, həm də sevinc var idi. Ağrı – yaşanan faciənin xatirəsinə görə, sevinc isə dövlətin öz vətəndaşını doğma torpağına qaytarmasına görə. Bu dönüş Azərbaycan dövlətinin gücünün, xalq–iqtidar birliyinin və tarixi ədalətin təntənəsinin göstəricisidir.

44 günə yazılan Zəfər salnaməsi artıq tarixdir. Lakin bu tarix yalnız keçmişlə bağlı deyil. Bu gün azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Yeni şəhərlər, kəndlər salınır, yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir.

Bu dirçəlişin arxasında güclü siyasi iradə və milli birlik dayanır. Azərbaycan xalqı bir daha sübut etdi ki, torpaq sevgisi, Vətən məhəbbəti və dövlətinə sədaqət onu yenilməz edir.

Cəmi 44 gün… Lakin o 44 gün əsrlərin yükünü çiynindən atdı. Düşmən məğlub oldu, təslim oldu, kapitulyasiya aktına imza atdı. Azərbaycan isə qalib dövlət kimi müharibəni dayandırdı və indi qalib xalq kimi gələcəyini qurur.

Bu, təkcə hərbi qələbə deyil. Bu, milli qürurun, tarixi ədalətin və sarsılmaz iradənin Zəfəridir.