Xəbərlər
Yasamal rayonunda Novruz bayramına həsr olunmuş tədbir və ağacəkmə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə İlaxır çərşənbə münasibətilə bayram konserti təşkil olunub.
Əvvəlcə Konservatoriyanın inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Novruz bayramına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək Azərbaycan xalqının zəngin mədəni irsindən bəhs edib, Novruz bayramının birlik və həmrəyliyi ifadə edən ən qədim bayramlardan biri olduğunu vurğulayıblar. Bildirilib ki, bu əziz bayram artıq azad edilmiş Qarabağda qeyd olunur və bu, tariximizin ən qürurlu səhifələrindəndir. Həmçinin qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində azad olunmuş ərazilərimizə həyat yenidən qayıdıb.
Bayram konsertində incəsənət ustalarının, eləcə də Konservatoriyanın müəllim və tələbələrinin ifasında milli musiqi nümunələri, xalq mahnıları və instrumental kompozisiyalar səsləndirilib. Novruz ənənələrini əks etdirən rəngarəng bədii proqram iştirakçılarda xoş təəssürat yaradıb.
Sonda Konservatoriyanın həyətində bayram tonqalı qalanıb.
Qeyd edək ki, Yasamal rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası da keçirilib.
Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov və aidiyyəti qurumların əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə çoxsaylı ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib və suvarılıb.
