YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın etnik təmizləmə siyasətinin tərkib hissəsi

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Böyük tariximizdə şanlı səhifələrlə yanaşı faciələr və soyqırımlı səhifələr də vardır. Tariximizin ən faciəli səhifələrindən biri də erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi 1918-ci mart qırğınlarıdır. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

Mart soyqırımı təkcə Azərbaycan tarixində deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir. 1917-ci ilin sonlarında erməni millətçisi Stepan Şaumyanın başçılığı ilə bolşevik Bakı Soveti Bakıda hakimiyyəti ələ keçirmişdi. Onlar türk-müsəlman əhalisini qırmaq, Bakını rus-erməni şəhərinə çevirmək istəyirdilər. Bu işdə erməni "Daşnaksutyun" partiyası da yaxından kömək edirdi. 1918-ci ilin martın 30-da bolşevik-daşnak qüvvələri Bakıda azərbaycanlıların kütləvi qırğınına başladılar. Bolşevik pərdəsi altında gizlənən silahlı quldurlar qocaya, qadına, hətta azyaşlı körpə uşaqlara da vəhşicəsinə qanlı divan tutdular, insanları süngüdən keçirərək diri-diri yandırdılar, evlərini dağıtdılar. Aprelin 3-dək on minlərlə müsəlman əhali qətlə yetirildi. Mart soyqırımı nəticəsində ümumilikdə 30 mindən çox, o cümlədən, Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirildi. Milli memarlıq abidələrimiz, məktəblər, xəstəxanalar, məscidlər və digər binalar dağıdıldı. Bakının böyük bir hissəsi xarabalığa çevrildi, nadir memarlıq abidəmiz olan "İsmailiyyə" binası, Tağıyev teatrı, "Açıq söz" və "Kaspi" qəzetinin redaksiyaları yandırıldı, "Təzəpir" məscidi dağıdıldı. Bu qırğınlar təkcə Bakıda deyil, Qarabağda, Naxçıvanda, Göyçayda, Şamaxıda, Qubada, Kürdəmirdə, Salyanda və Lənkəranda törədilmişdi.

Araşdırmalara görə təkcə Şamaxı şəhərində ermənilər tərəfindən təqribən 14-16 min nəfərin, onun 40 kənd və obasında 6-8 min nəfərin öldürüldüyü bildirilir. Didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Quba qəzasında isə ümumilikdə 4 min nəfərdən artıq olduğu bildirilir. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750 ev yandırılıb.

2007-ci il aprelində Quba stadionunun təmiri ilə əlaqədar qazıntı işləri aparılan zaman kütləvi məzarlıq aşkarlanmışdı. Məzarlıqda 500-dək insan kəlləsi vardı, onların 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara məxsus idi. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımın qurbanı olduğu sübuta yetirildi. Araşdırmalar göstərir ki, ermənilər dinc əhaliyə divan tutarkən odlu silahdan istifadə etməyiblər, sümüklərdə güllə yeri yoxdur, buradakı soydaşlarımız başlarına küt alətlə, mismar vurmaqla qətlə yetirilib, sonra isə quyulara doldurulub üzəri torpaqla örtülüb.

Xalqımıza qarşı törədilən Mart soyqırımı faciəsinin araşdırılması və bu həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlandı. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verildi, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsilə bağlı Ulu öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etdi. 31 Mart soyqırımı təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, bu soyqırım haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Xalqımızın başına gətirilən bu müsibətlər, faciələr dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə tədqiqatçılar tərəfindən qəti şəkildə araşdırılır, yeni faktlar üzə çıxarılır. Məhz xalqımızın tarixi yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırım memorial kompleksi" yaradılmasına qərar verdi və Soyqrımı memorial kompleksinin açılışı zamanı çıxış edərək dedi: "1918- ci il mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırım törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız faşizmin qurbanı olmuşdur... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlə və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir". Eyni zamanda, bolşevik-daşnak silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə düzgün çatdırılması məqsədilə Prezident İlham Əliyev 18 yanvar 2018-ci ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzaladı.

Biz bu tarixdən böyük ibrət dərsi almalıyıq. İlk dəfə olaraq son 200 ilə yaxın müddətdə ermənilərə ən ağır zərbəni Prezident İlham Əliyev 44 günlük müharibədə qazanılan qələbə ilə vurdu. Soyqırımı qurbanlarının xatirəsini indi həm hüzn və ehtiramla, həm də onların qisasını aldığımız üçün qürur hissilə anırıq. Xalqımız ona qarşı törədilən bu cinayətləri heç vaxt unutmayacaq, daim güclü və mübariz xalq kimi yaşayacaq.