Xəbərlər
İndiki və gələcək nəsil tariximizi yaxşı bilməlidir
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Tarixi həqiqətlər erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdiklərini sübut edir. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Qarabağ münaqişəsi ermənilərin 1988-ci ildə yenidən baş qaldıran əsassız torpaq iddiası nəticəsində yaranmışdır. 1988-ci ilədək ermənilərin havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı, deportasiya siyasətinin xronologiyasına diqqət yetirək. 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Soyqırımı nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, çoxlu sayda insan itkin düşüb.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli bu sənədin mahiyyət və əhəmiyyəti böyükdür. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.
Son 22 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizin öyrənilməsi, faciələrimizin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atdığı addımların uğurlu nəticələri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapdı. Həqiqətlərimizin təbliği istiqamətində Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, indiki və gələcək nəsil tariximizi yaxşı bilməlidir.
Tarixi Zəfərimizdən ötən dövrdə Azərbaycanın çoxəsrlik tarixinin Zəfər səhifələri daha da zənginləşib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkəmizin qarşısında geniş imkanlar yaradıb. Qarşıya yeni hədəflər qoyulub. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cənab İlham Əliyev çıxışlarında Qərbi Azərbaycana qayıdışımızdan da geniş bəhs edərək qarşıda dayanan əsas vəzifələri açıqlayır. Bunlardan biri təbliğat işinin daha da gücləndirilməsidir. “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir” söyləyən dövlətimizin başçısı onu da bildirir ki, ancaq əfsuslar olsun ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.
