Xəbərlər
Qazaxda Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Aprel döyüşləri ən yeni tariximizin qəhrəmanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Aprel döyüşləri şəhidləri Qazax rayonunun Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun məzarları ziyarət olunub, məzarları üzərinə güllər düzülüb, ruhlarına dualar oxunub.
Daha sonra Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, Abidə kompleksi önünə gül dəstələri düzülüb.
YAP Qazax rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, RİH başçısı Aparatında sektor müdiri, Aprel döyüşləri qazisi Samir Çobanov, şəhid atası Elxan Abdullayev, partiya fəalı Fəridə Xudiyeva, rayon təşkilatının sədr müavini Paşa Hadıyev çıxış ediblər.
Bildirilib ki, Aprel döyüşlərindən 10 il keçməsinə baxmayaraq, Qarabağ salnaməsinin ilk şanlı səhifələrinin yazıldığı bu günlər xalqımız tərəfindən böyük qürur hissi ilə xatırlanır və qəhrəman şəhidlər daim ehtiramla yad olunur. Vurğulanıb ki, şəhidlərimizin qanı yerdə qalmayıb, onların qisası alınıb və qəhrəman oğulların keçdiyi şərəfli yol hər bir gənc üçün örnəkdir.
Natiqlər əminliklə bildiriblər ki, Prezident İlham Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan bundan sonra da mühüm uğurlara imza atacaq, ölkəmizin dövlətçilik tarixi yeni nailiyyətlərlə zənginləşəcək.
Tədbirin sonunda partiya veteranı, şair Cavanşir Rüstəm və Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri tərəfindən qəhrəmanlıq mövzusunda şeirlər səsləndirilib.
