YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədi ehtiramla anılan böyük alim və nəcib insan

Zahir Qəhrəmanov

YAP Şirvan şəhər təşkilatının sədri

Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan, yüksək mənəvi keyfiyyətləri və zəngin elmi fəaliyyəti ilə seçilən akademik Zərifə Əziz qızı Əliyeva xalqımızın yaddaşında silinməz iz qoymuş görkəmli şəxsiyyətlərdəndir. Akademik Zərifə Əziz qızı Əliyevanın anım günü hər il dərin ehtiram və minnətdarlıq hissi ilə qeyd olunur. Onun mənalı və zəngin ömür yolu, elmə verdiyi töhfələr, insanlara bəxş etdiyi nur və şəfa bu gün də xalqımızın yaddaşında yaşayır və gələcək nəsillər üçün örnək olaraq qalır.

Həkimlik fəaliyyətinə oftalmologiya sahəsində başlayan Zərifə Əliyeva bu istiqaməti məqsədli şəkildə seçmişdir. Zərifə xanım Əliyeva XX əsr Azərbaycan oftalmologiyasının inkişafında müstəsna rol oynamış, bu sahəni yeni mərhələyə yüksəltmiş alimlərdən biri olmuşdur. O, xüsusilə traxoma kimi geniş yayılmış və ciddi fəsadlara səbəb olan xəstəliklə mübarizədə böyük xidmətlər göstərmişdir. Apardığı elmi tədqiqatlar nəticəsində traxomanın müalicəsində effektiv üsullar işlənib hazırlanmış, bu xəstəliyin Respublika üzrə yayılmasının qarşısı alınmışdır. Onun tətbiq etdiyi müalicə metodları praktik səhiyyədə geniş istifadə olunaraq minlərlə insanın sağlamlığına qovuşmasına səbəb olmuşdur. Zərifə Əliyeva ixtisasını artırmaq məqsədilə Moskvada təhsilini davam etdirmiş, yüksək ixtisaslı mütəxəssis kimi Vətənə qayıdaraq Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uzun illər səmərəli fəaliyyət göstərmişdir.  Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız bir istiqamətlə məhdudlaşmamışdır. O, göz xəstəliklərinin peşə patologiyası, diaqnostika, profilaktika və müalicə sahələrində fundamental tədqiqatlar aparmış, oftalmologiyanın müxtəlif istiqamətləri üzrə dəyərli elmi nəticələr əldə etmişdir. Alimin bu sahədə apardığı silsilə tədqiqat işləri ona böyük nüfuz qazandırmış və beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Alimin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən elmi tədbirlər, o cümlədən oftalmologiya sahəsində Ümumittifaq səviyyəli plenumlar Azərbaycan elminin nüfuzunun artmasına xidmət etmişdir. Onun elmi-pedaqoji fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Zərifə xanım uzun illər ərzində gənc həkimlərin yetişdirilməsində mühüm rol oynamış, tibbi etika və deontologiya sahəsində dəyərli əsərlər müəllifi kimi tanınmışdır.  Zərifə xanımın zəngin elmi irsi çoxsaylı monoqrafiya, dərs vəsaiti və elmi məqalələrdə öz əksini tapmışdır. Onun müəllifi olduğu əsərlər arasında tibbi etika və deontologiyaya həsr olunmuş “Yüksək etimad” kitabı xüsusi yer tutur. Bu əsər yalnız həkimlər üçün deyil, ümumilikdə insanlara xidmət edən bütün peşə sahibləri üçün mənəvi bələdçi kimi dəyərləndirilir. Alimin digər elmi əsərləri də oftalmologiya sahəsində müasir yanaşmaların formalaşmasına mühüm təsir göstərmişdir.

Zərifə Əliyevanın xidmətləri dövlət və elm ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. O, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüş, bu nüfuzlu mükafatı qazanan ilk qadın oftalmoloq kimi tarixə düşmüşdür. Bu nailiyyət Azərbaycan elminin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi olmuşdur.

2023-cü ildə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunmuşdur. Bu münasibətlə elmi konfranslar, beynəlxalq simpoziumlar, sərgilər və anım tədbirləri keçirilmiş, alimin həyat və fəaliyyətinə həsr olunmuş nəşrlər işıq üzü görmüşdür. Keçirilən tədbirlər bir daha göstərmişdir ki, Zərifə Əliyevanın irsi yalnız keçmişin deyil, həm də bu günün və gələcəyin elmi-mənəvi sərvətidir.

Zərifə xanım Əliyeva ömrünün sonuna qədər elmi fəaliyyətini davam etdirmiş, insanlara xidmət etmək amalına sadiq qalmışdır. O, 1985-ci ildə Moskva şəhərində vəfat etmişdir. Görkəmli alimin nəşi Bakıya gətirilərək I Fəxri xiyabanda dəfn olunmuşdur. Bu gün onun məzarı xalqımızın ziyarət etdiyi müqəddəs ünvanlardan biridir.

Akademik Zərifə Əliyeva yalnız böyük alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi yadda qalmışdır. Zərifə Əliyeva qayğıkeş ana və sədaqətli həyat yoldaşı kimi də nümunə olmuşdur. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə həyat quraraq, onun fəaliyyətində mənəvi dayaq olmuş, ailə dəyərlərinə sadiqliyin nümunəsini göstərmişdir. Eyni zamanda, qayğıkeş ana kimi cəmiyyətə layiqli övladlar bəxş etmişdir.

Onun həyat yolu elmə sədaqətin, insanlara sevginin və Vətənə bağlılığın təcəssümüdür. Zərifə Əliyevanın zəngin irsi, elmi nailiyyətləri və mənəvi dəyərləri bu gün də yaşayır və Azərbaycan elminin inkişafında mühüm rol oynamaqda davam edir.

Akademik Zərifə Əliyevanın əziz xatirəsi daim hörmət və ehtiramla anılır. Onun adı Azərbaycan tarixində, elmində və insanların qəlbində əbədi olaraq yaşayacaqdır.