YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Yevlax rayon komitəsinin və Yevlax şəhər mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 15 aprel - Dünya İncəsənət Günü ilə əlaqədar tədbir keçirilib.

Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq Teatrının inzibati binasında baş tutan tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Yevlax Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Mərkəzi Aran üzrə Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Aran üzrə Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova bildirib ki, 15 aprel – Dünya İncəsənət Günü bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsi, bədii ifadə müxtəlifliyinin təşviqi və incəsənət xadimlərinin səmərəli fəaliyyətinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, bu əlamətdar günlə əlaqədar bütün mədəniyyət işçilərinə səmimi təbriklərini çatdırıb.

Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyev bütün ömrünü ölkəmizin inkişafına və xalqın rifahına həsr etmişdir. Qeyd olunub ki, Ümummilli Liderin diqqət yetirdiyi sahələrdən biri də mədəniyyət olmuş, milli-mənəvi dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndərin təməlini qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin,  Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəniyyət sahəsində uzun illər ərzində həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində muğam sənəti beynəlxalq miqyasda geniş tanınmış və yüksək dəyərləndirilmişdir.

Diqqətə çatdırılıb ki, dövlət tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğı nəticəsində musiqi, kino, teatr və incəsənətin digər istiqamətləri sürətlə inkişaf edir, milli mədəniyyət nümunələri dünya mədəniyyətləri sırasında özünə layiqli yer tutur və beynəlxalq miqyasda uğurla təbliğ olunur.

Tədbir çərçivəsində Bəşir Səfəroğlu adına Xalq Teatrının aktyorları tərəfindən “Hicran” tamaşası nümayiş etdirilib.

Yevlax mədəniyyət müəssisələrinin musiqiçiləri tərəfindən musiqi mədəniyyətimizin inciləri olan tar və saz ifaları tamaşaçılara təqdim olunub. Həmçinin, muğam parçaları ifa edilib, müxtəlif instrumental musiqilər səsləndirilib. Bununla yanaşı, aktyorların təqdim etdiyi digər maraqlı tamaşalar və bədii kompozisiyalar da iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda YAP Yevlax rayon təşkilatının, Yevlax Mədəniyyət Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Yevlax rayon komitəsi tərəfindən bir qrup mədəniyyət işçisi fəxri fərmanlarla təltif olunub, xatirə şəkilləri çəkdirilib.