Xəbərlər
YAP Yasamal rayon təşkilatı “Aztelekom” MMC ilə birgə tədbir keçirib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Tbilisi pr.187 (“Aztelekom” MMC) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Əvvəlcə “Aztelekom” MMC-nin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə “Aztelekom” MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edən Həsən Ömərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Tbilisi pr.187 (“Aztelekom” MMC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elnur Allahverdiyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın inkişaf tarixində mühüm mərhələ kimi xüsusi əhəmiyyət kəsb edir. Bu il ölkəmizdə müasir urbanizasiya proseslərinin daha sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinə güclü təkan verir. Şəhərlərin planlı inkişafı, infrastrukturun yenilənməsi və estetik memarlıq ənənələrinin qorunması bu siyasətin əsas istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik strategiyasında şəhərsalma məsələləri hər zaman prioritet olub.
Qeyd edilib ki, "Şəhərsalma və Memarlıq İli" ölkəmizdə milli-mədəni irsin qorunması ilə müasir inkişafın vəhdətini təmin edən mühüm təşəbbüsdür. Bu il çərçivəsində həyata keçirilən tədbirlər şəhərlərin yalnız fiziki deyil, həm də sosial-mədəni mühitinin zənginləşdirilməsinə xidmət edir. Müasir memarlıq nümunələrinin yaradılması ilə yanaşı, tarixi abidələrin bərpası da diqqət mərkəzində saxlanılır.
Vurğulanıb ki, Prezident İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Bu prosesdə müasir texnologiyaların tətbiqi və innovativ yanaşmalar diqqət mərkəzindədir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurularaq regionun inkişafına yeni nəfəs verir.
Tədbirin sonunda bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
