Xəbərlər
“Qarabağda qurulan gələcək - rifah və inkişaf”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı tərəfindən “Qarabağda qurulan gələcək - rifah və inkişaf” mövzusunda gənclərlə görüş təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən abadlıq, quruculuq və bərpa işlərinə həsr olunmuş “Qarabağda qurulan gələcək - rifah və inkişaf” adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib, yeni sənaye müəssisələri yaradılıb, mühüm infrastruktur layihələri həyata keçirilib və bu proses ölkənin sosial-iqtisadi inkişafına böyük töhfə verib.
İ.Əliyev qeyd edib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr Azərbaycanın gücünü, siyasi iradəsini və iqtisadi potensialını nümayiş etdirir, ölkənin beynəlxalq nüfuzunu daha da artırır.
Qeyd olunub ki, qısa müddətdə yolların, körpülərin və tunellərin inşası, müasir hava limanlarının istifadəyə verilməsi, eləcə də “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları əsasında salınan yaşayış məntəqələri regionun inkişafına və əhalinin rifahının yüksəldilməsinə xidmət edir.
Daha sonra çıxış edən Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov, Vətən müharibəsi iştirakçısı, Əlvənd kənd tam orta məktəbinin direktoru Elvin Xəlilov və Vətən müharibəsi şəhidi, mayor Rəhim Hüseynovun atası, Birinci Qarabağ müharibəsi iştirakçısı Qədir Hüseynov Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlanmasının yalnız fiziki bərpa deyil, eyni zamanda mənəvi dirçəliş olduğunu vurğulayıblar.
Çıxışlarda qeyd olunub ki, həyata keçirilən genişmiqyaslı layihələr, uzun illər yurd həsrəti çəkən insanların doğma torpaqlarına qayıdışı və onlar üçün yaradılan müasir yaşayış şəraiti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qüdrətini, milli birliyini və gələcəyə inamını nümayiş etdirir.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.
