Xəbərlər
Şəmkirdə tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Qazax-Tovuz Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səbuhi Xasməmmədov, Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini Aynur Abdullayeva və partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas amillərindən birini məhz tarixi abidələrimiz təşkil etmişdir: “Ona görə də müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdən sayılır. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək səviyyədə həyata keçirilmişdir”.
Digər çıxış edənlər ölkəmizdə tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib, bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, belə tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, tariximizin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm rol oynayır.
Daha sonra tədbir iştirakçıları Şəmkirin qədim ruhunu əks etdirən sərgi ilə tanış olub, milli musiqi və rəqs nümunələrindən ibarət konsert proqramını izləyiblər.
Sonda xatirə şəkli çəkdirilib.
