YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Azərbaycan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) beynəlxalq nüfuzunu, müasir şəhərsalma sahəsində qazandığı nailiyyətləri və dayanıqlı inkişaf siyasətini nümayiş etdirir. Prezident İlham Əliyevin Forumda çıxışı müasir urbanizasiya, tarixi-mədəni irsin qorunması, ekoloji təhlükəsizlik və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma siyasətinin əsas istiqamətlərini ifadə edir.

182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi Ümumdünya Şəhərsalma Forumunun tarixində rekord göstəricilərdən biridir. Bu fakt Bakının artıq qlobal tədbirlərin keçirildiyi aparıcı beynəlxalq mərkəzlərdən birinə çevrildiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyev Forumu COP29-dan sonra keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi qiymətləndirib. Belə mötəbər tədbirlər Azərbaycanın əməkdaşlıq və dialoq məkanına çevrildiyini nümayiş etdirir.

Ölkəmiz tarixən Şərqlə Qərbin qovuşduğu məkan olmuşdur, bu xüsusiyyət yalnız siyasi və mədəni sahədə deyil, həm də memarlıq nümunələrində əks olunur. Bakının qədim İçərişəhəri ilə müasir şəhər infrastrukturu arasında formalaşan harmonik vəhdət tarixi irsin qorunması ilə modern şəhərsalma siyasətinin uğurlu sintezidir. Vaxtilə üç kilometrlik əraziyə malik olan Bakı bulvarının bu gün 15 kilometrdən artıq sahəni əhatə etməsi paytaxtın müasir inkişaf konsepsiyasının bariz nümunəsidir.

Şəhərsalma artıq yalnız tikinti və infrastruktur layihələri ilə məhdudlaşmır. Bu sahə insanların rifahı, rahat yaşayışı, ekoloji tarazlıq və mədəni irsin qorunması kimi mühüm məsələləri özündə birləşdirən kompleks inkişaf konsepsiyasına çevrilib. Forumun Bakıda keçirilməsi də məhz bu yanaşmanın beynəlxalq ictimaiyyətə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədim şəhərlərinin zəngin memarlıq irsinə toxunub. Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Lahıc kimi qədim yaşayış məskənləri xalqımızın əsrlər boyu formalaşdırdığı yüksək memarlıq və şəhərsalma mədəniyyətinin nümunələri kimi təqdim olunur. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Şəkidə yerləşən tarixi abidələr və s. xalqımızın yüksək mühəndislik və memarlıq ənənələrinin göstəricisidir.

Dövlətimizin başçısı vurğulayıb ki, biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Qız qalası, İçərişəhər, qədim qalalar və müxtəlif tarixi abidələr əsrlər boyu qorunaraq bu günə qədər çatdırılıb. Tarixi irsin qorunması gələcək nəsillər qarşısında mühüm məsuliyyətdir və həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də şəhərsalmada cəsarət və ehtiyatlılıq arasında balansın qorunması ilə bağlı idi. Müasir inkişaf sürətli olsa da, tarixi irsin qorunmasına xüsusi həssaslıqla yanaşmaq lazımdır. Şəhərlərin müasirləşdirilməsi və insanların həyat şəraitinin yaxşılaşdırılması vacib olduğu kimi, milli-mədəni dəyərlərin və tarixi memarlıq nümunələrinin qorunması da strateji əhəmiyyət daşıyır.

Forumda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri də ətraflı şəkildə təqdim edilir. Bu ərazilər 30 il ərzində məqsədli şəkildə dağıdılmış, şəhərlər və kəndlər tamamilə məhv edilmişdir. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması həmin dağıntıların miqyasını nümayiş etdirir. Lakin qısa müddət ərzində həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilib. Son beş il ərzində onlarla tunel, yüzlərlə körpü, yollar, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və beynəlxalq hava limanlarının tikilməsi dövlətin Böyük Qayıdış Proqramını uğurla həyata keçirdiyini göstərir. Prezident İlham Əliyev qeyd edib: “Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir”.

Son illərdə həyata keçirilən layihələr nəticəsində paytaxtın siması tamamilə dəyişib. Vaxtilə çirklənmiş ərazi olan “Qara şəhər”in müasir “Ağ şəhər” layihəsinə çevrilməsi ekoloji şəhərsalma siyasətinin uğurlu nəticələrindəndir. Yeni parkların salınması, ictimai məkanların yaradılması, metro və elektrik avtobuslarının istifadəsinin genişləndirilməsi paytaxtın daha ekoloji və rahat şəhərə çevrilməsinə xidmət edir.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı fikir mübadiləsi və müasir şəhərsalma çağırışlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Şəhərsalma prosesində artıq yeni yanaşmalar tətbiq edilir və dayanıqlı inkişaf prinsipləri əsas götürülür. Beləliklə, Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı çıxışı Azərbaycanın müasir inkişaf modelini, tarixi-mədəni irsə bağlılığını, ekoloji təhlükəsizlik siyasətini və dayanıqlı şəhərsalma konsepsiyasını əks etdirən mühüm siyasi və strateji mesajlarla yadda qalıb. Azərbaycan qədim tarixini qorumaqla yanaşı, müasir urbanizasiya və innovativ şəhərsalma sahəsində də misilsiz nailiyyətlər qazanıb.

DİGƏR Xəbərlər Arxiv