Xəbərlər
Müasir şəhərsalma konsepsiyası: qlobal reallıqlar və Azərbaycan nümunəsi
Asif Əsgərov
Milli Məclisin deputatı
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası qlobal miqyasda şəhərsalma, memarlıq, davamlı inkişaf və insan rifahı məsələlərinin müzakirə olunduğu ən mühüm beynəlxalq platformalardan biri kimi diqqət çəkir. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev tədbirin əhəmiyyətini, Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi siyasəti, tarixi-mədəni irsin qorunması istiqamətində görülən işləri və azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq prosesini ətraflı şəkildə təqdim edib.
Forum rekord səviyyədə beynəlxalq maraq doğurub, 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal əhəmiyyətini və Bakının beynəlxalq dialoq məkanına çevrildiyini nümayiş etdirir. Həmin göstərici Forumu son illərin ən böyük beynəlxalq tədbirlərindən birinə çevirib. Bu, COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbirdir. Bakı artıq qlobal siyasi, iqtisadi və humanitar müzakirələrin keçirildiyi mühüm mərkəz statusu qazanıb.
Azərbaycan tarixən Şərqlə Qərbin qovuşduğu məkan olub və bu xüsusiyyət xüsusilə Bakının memarlığında aydın şəkildə görünür. İçərişəhərin qədim divarları ilə müasir göydələnlərin eyni şəhər daxilində harmonik şəkildə mövcudluğu qədimliklə yeniliyin vəhdətini nümayiş etdirir. Vaxtilə cəmi üç kilometr olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq müasir dənizkənarı məkana çevrilməsi şəhərsalmanın planlı inkişafının nümunəsi kimi dəyərləndirilir. XIX əsrdə Avropa memarları tərəfindən layihələndirilmiş binaların bu gün də qorunması Bakının tarixi simasının saxlanılmasına verilən önəmin göstəricisidir.
Cari ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Eyni zamanda, 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi Azərbaycanın postmünaqişə dövründə şəhərsalma siyasətinə xüsusi önəm verdiyini təsdiqləyir.
Bakı ilə yanaşı, Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Lahıc kimi qədim yaşayış məskənləri əsrlərlə formalaşmış memarlıq ənənələrinin daşıyıcısıdır. Şamaxıda yerləşən VIII əsrə aid məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin tarixi memarlıq ənənələri, Şəkinin və Qəbələnin zəngin abidələri xalqımızın zəngin mədəni irsinin göstəricisi kimi diqqət çəkir. Kiş kəndində yerləşən qədim kilsə dini tolerantlığın və multikultural dəyərlərin tarix boyu qorunmasının nümunəsi kimi əhəmiyyət daşıyır. Lahıc kəndində əsrlər öncə yaradılmış kanalizasiya və su sistemləri əcdadlarımızın yüksək mühəndislik və şəhərsalma təfəkkürünə malik olduğunu sübut edir. Şuşanın yenidən qurulması, tarixi qala divarlarının və memarlıq nümunələrinin bərpası isə Qarabağın mədəni ruhunun dirçəldilməsinin mühüm göstəricisi kimi təqdim olunur.
Xalqımız yalnız musiqisi və poeziyası ilə deyil, həm də memarlıq irsi ilə qürur duyur. VI əsrə aid Qız qalası, İçərişəhər kompleksi və digər tarixi abidələrin əsrlər boyu qorunub saxlanılması milli-mədəni irsə olan münasibətin göstəricisidir. Tarixi abidələrin bərpası və onların gələcək nəsillərə çatdırılması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.
Dövlətimizin başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri də qeyd olunmuşdur. Təxminən 30 il davam edən işğal dövründə şəhərlər tamamilə dağıdılıb, tarixi və dini abidələr məhv edilib. Ağdamın “Qafqazın Xirosiması” adlandırılması erməni vəhşiliyinin daha bir göstəricisidir. Lakin bu gün həmin ərazilərdə genişmiqyaslı quruculuq prosesi həyata keçirilir. Minlərlə insanın doğma yurdlarına qayıtması dövlətin bu istiqamətdəki qətiyyətli siyasətini nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır: “Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub”.
İnsanların təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtması üçün ilk növbədə təhlükəsizlik tədbirləri həyata keçirilir. Eyni zamanda, sənaye zonalarının yaradılması, yeni iqtisadi imkanların formalaşdırılması və məşğulluğun təmin edilməsi Böyük Qayıdış prosesinin əsas komponentlərindən biridir.
Ətraf mühitin qorunması və ekoloji şəhərsalma məsələləri də forumun diqqət mərkəzindədir. Xüsusilə Qara şəhər, Bibiheybət və Böyükşor ərazilərində aparılmış ekoloji yenidənqurma layihələri şəhərsalmanın uğurlu nümunələri kimi təqdim edilir. Vaxtilə neft tullantıları ilə çirklənmiş “Qara şəhər”in bu gün müasir “Ağ şəhər”ə çevrilməsi urbanizasiya və ekoloji bərpanın ən uğurlu layihələrindən biri hesab olunur.
Son 20 ildə Bakıda 100 park və ictimai məkan yaradılıb, mövcud parkların müəyyən hissəsi əsaslı şəkildə yenilənib. Müasir ictimai nəqliyyat sisteminin qurulması, metro infrastrukturunun genişləndirilməsi, elektrik avtobuslarının istifadəsi və mikromobillik imkanlarının artırılması ekoloji şəhər konsepsiyasının əsas elementləridir. Şəhərsalma yalnız tikinti və memarlıq deyil, həm də insanların rahatlığı, sosial rifahı və həyat keyfiyyəti ilə bağlı məsələdir. Bu baxımdan, şəhərlərin insan yönümlü inkişafı, yaşıl zonaların artırılması, tarixi irsin qorunması və müasir texnologiyaların tətbiqi gələcək urbanizasiya siyasətinin əsas istiqamətləri olaraq müəyyənləşdirilir.
Azərbaycan bu gün təkcə regionda deyil, beynəlxalq miqyasda da müasir şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə bərpası sahəsində mühüm təcrübəyə malikdir. Forum həm ölkənin memarlıq irsinin dünyaya təqdimatı, həm də gələcək urbanizasiya strategiyalarının müzakirəsi baxımından mühüm platforma kimi tarixə düşüb.
