Xəbərlər
Şəhərsalma çox sürətlə inkişaf edir
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Dayanıqlı inkişafın təmin edilməsi və şəhərsalma Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətləridir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə vermişdir. Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılmışdır. Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil almışdır.
Azərbaycanın COP29-dan sonra ikinci böyük beynəlxalq tədbirə- BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi şəhərsalma və memarlıq sahəsində qazandığı uğurların, zəngin təcrübənin təqdimatıdır. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış nümayəndənin iştirak etdiyi bu sessiyanın uğurlu nəticələrlə tarixə yazılacağı böyük əminliklə qeyd edilir. Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək kimi böyük məsuliyyətli vəzifənin Azərbaycana həvalə edilməsi özündə mühüm məqamları ehtiva edir. Paytaxt Bakımız, regionlarımız, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz Azərbaycanın şəhərsalma təcrübəsinin təqdimatlarıdır. Qədimliklə müasirliyin sintezinin yaradılması əsas hədəflərdəndir. Azərbaycana gələn hər bir qonaq öncə Azərbaycanın tariximizi özündə əks etdirən memarlıq abidələrimizlə tanış olur. Bu tanışlıq əsasında Azərbaycan xalqının zəngin tarixə malik xalq olduğu bir daha təsdiqlənir. Dövlətimizin başçısı İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında bildirdi ki, ilk dəfə Azərbaycana səfər edən qonaqların əksər hissəsi respublikamızı və şəhərlərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində görülən işləri öz gözləri ilə görmək imkanını qazanırlar.
Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkilinə verilən dəstəyə, əməkdaşlığa və bu mötəbər tədbirə ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin ölkəmizə həvalə edildiyinə görə təşəkkürünü bildirdi və vurğuladı ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Əgər qonaqlar Bakıda İçərişəhərin qədim divarları arasında gəzsə, sonra bircə küçəni keçsə, özünü tamamilə müasir mühitdə hiss edəcək. Vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.
O da qeyd edildi ki, Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir.
Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə qürur hissi keçirir. Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə - Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Qeyd edilib ki, Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin, dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. On beş əsr bundan əvvəl kənd yaradılanda insanlar bu gün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib. VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb.
Hazırda hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Prezident İlham Əliyev qonaqlara Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər və qarşıya qoyulmuş vəzifələr barəsində geniş məlumat verdi. Hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır.
Bu gün Azərbaycanın bir çox yerlərində, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə şəhərsalma çox sürətlə inkişaf edir. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çoxsaylı qonaqların ekspert bacarıqları bizə daha çox öyrənmək, müsbət təcrübə ilə tanışlıq üçün və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımçı olacaq.
