Xəbərlər
"Laçında uşaqlar üçün müasir təhsil və inkişaf imkanları yaradılır"
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən tədbir keçirilib.
Tədbirlərdə çıxış edənlər uşaqların hüquqlarının qorunmasının, onların hərtərəfli inkişafının təmin edilməsinin və cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmasının hər bir dövlətin və cəmiyyətin əsas vəzifələrindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, gələcəyimiz olan uşaqların sağlam, savadlı və vətənpərvər ruhda yetişdirilməsi dövlətimizin həyata keçirdiyi humanizm siyasətinin mühüm prioritetlərindəndir.
Qeyd olunub ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və gənc nəslə dövlət qayğısının möhkəm əsaslarının yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin uzaqgörən siyasəti və təşəbbüsü ilə qəbul edilən mühüm qərarlar nəticəsində ölkəmizdə uşaqların sosial müdafiəsi gücləndirilib, onların hüquq və mənafelərinin qorunması, beynəlxalq standartlara uyğun inkişafı üçün əlverişli şərait yaradılıb.
Vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uşaqların rifahının yüksəldilməsi, keyfiyyətli təhsil və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqların təhsili, sağlamlığı və sosial müdafiəsi sahəsində mühüm layihələr uğurla icra olunur.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçın rayonunda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində doğma yurdlarına qayıdan uşaqlar üçün müasir təhsil və inkişaf imkanları yaradılır. Bu, dövlətimizin gələcək nəslə göstərdiyi diqqət və qayğının, eyni zamanda ölkəmizin qüdrətinin bariz ifadəsidir.
Tədbir iştirakçıları Uşaqların Beynəlxalq Müdafiəsi Gününün cəmiyyətdə uşaq hüquqlarına diqqətin artırılmasında, gələcək nəslin milli-mənəvi dəyərlərə bağlı, sağlam və vətənpərvər ruhda formalaşmasında mühüm rol oynadığını qeyd edərək, bu əlamətdar günün hər zaman sevinc, qürur və ümid mənbəyi olaraq qalacağını bildiriblər.
