Xəbərlər
“Qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan yol”
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Səbuhi Xasməmmədov və digərləri bildiriblər ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, dövlətçiliyin möhkəmləndirilməsində və davamlı inkişafın təmin olunmasında həlledici rol oynayıb.
Vurğulanıb ki, Ümummilli Liderin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərqərar olub, sosial-iqtisadi inkişaf sürətlənib, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmlənib və müasir dövlət quruculuğunun əsasları yaradılıb.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri uğurla inkişaf etdirilir və bu mühüm nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi dayanır. Onun sözlərinə görə, Ümummilli Liderin əsas məqsədi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini təmin edə biləcək güclü və qüdrətli dövlət qurmaq olub. Hazırda isə Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirərək ölkəmizi yeni nailiyyətlərə doğru aparır.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən partiya fəallarına fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
