YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər ordunun şanlı Zəfər tarixi

Meydanəli Yolçiyev

​YAP Daşkəsən rayon təşkilatının sədri

Hər il iyunun 26-sı Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu əlamətdar gün dövlətçilik tarixinin, milli təhlükəsizlik siyasətinin və ordu quruculuğu sahəsində qazanılmış böyük nailiyyətlərin təntənəsidir. Müstəqil dövlətin mövcudluğu, ərazi bütövlüyünün qorunması və milli maraqların müdafiəsi ilk növbədə güclü və peşəkar ordu ilə bağlıdır. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolu ölkənin siyasi tarixinin mühüm tərkib hissəsidir.

Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasının ideoloji və institusional təməli məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildə respublikaya rəhbərliyə gəldindkən sonra Ümummilli Lider hərbi kadrların hazırlanmasını strateji vəzifə kimi müəyyənləşdirmişdi. Bu səbəbdən hərbi təhsil sisteminin yaradılması istiqamətində mühüm addımlar atıldı.

1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması hərbi kadr hazırlığında dönüş nöqtəsinə çevrildi. Bu təhsil ocağı sonrakı dövrdə minlərlə peşəkar zabitin yetişməsinə şərait yaratdı. Eyni zamanda, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil almasına geniş imkanlar yaradıldı. Beləliklə, gələcək müstəqil dövlətin milli zabit korpusunun formalaşdırılması istiqamətində möhkəm təməlin əsası qoyuldu.

1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkə mürəkkəb ictimai-siyasi və hərbi böhran üzləşdi. Ermənistanın hərbi təcavüzü davam etdiyi halda, vahid komandanlığa tabe olan nizami ordu faktiki olaraq mövcud deyildi. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyət göstərməsi müdafiə sisteminin səmərəliliyini zəiflədirdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçiliyin xilası ilə yanaşı, peşəkar milli ordunun yaradılmasını da əsas prioritetlərdən biri elan etdi. Qısa müddət ərzində qeyri-qanuni silahlı dəstələr ləğv olundu, vahid komandanlıq sistemi formalaşdırıldı və nizami ordu quruculuğuna başlanıldı.

1994-cü il mayın 12-də əldə olunmuş atəşkəsdən sonra Silahlı Qüvvələrin inkişafı yeni mərhələyə qədəm qoydu. Ordunun maddi-texniki təminatı daha da gücləndirildi, döyüş hazırlığı yüksəldildi və hərbi hissələrin fəaliyyəti müasir tələblərə uyğunlaşdırıldı.

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bununla da milli ordu quruculuğu tarixində mühüm yer tutan Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün dövlət səviyyəsində əbədiləşdirildi. Bu qərar Silahlı Qüvvələrin dövlətçilik sistemindəki yerinin və rolunun daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Ordu quruculuğunun mühüm istiqamətlərindən biri peşəkar hərbi kadr hazırlığı idi. 1999-cu ildə Hərbi Akademiyanın yaradılması bu istiqamətdə mühüm addım oldu. Sonrakı illərdə hərbi təhsil sisteminin təkmilləşdirilməsi nəticəsində ali hərbi məktəblər fəaliyyətlərini genişləndirdi və müasir hərbi elmin tələblərinə uyğunlaşdırıldı.

Azərbaycanın NATO ilə əməkdaşlığı ordu quruculuğunun mühüm istiqamətlərindən birinə çevrildi. “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulmaqla Silahlı Qüvvələr beynəlxalq standartların tətbiqi sahəsində geniş təcrübə qazandı. Kosovo, Əfqanıstan və İraqda həyata keçirilən sülhməramlı missiyalarda iştirak edən hərbi qulluqçular beynəlxalq əməliyyat təcrübəsinə yiyələndilər. Bu proses ordunun peşəkarlığının yüksəlməsinə və müasir döyüş qabiliyyətinin formalaşmasına mühüm töhfə verdi.

2003-cü ildən etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu siyasəti yeni mərhələyə qədəm qoydu. Dövlət büdcəsindən müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlərin davamlı artırılması, müasir silah və texnikaların alınması, hərbi infrastrukturun yenilənməsi ordunun gücünün əhəmiyyətli dərəcədə artmasına səbəb oldu. Müdafiə sənayesinin yaradılması və inkişaf etdirilməsi nəticəsində ölkədə yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilməyə başlandı. Yerli istehsal hesabına ordunun təminat imkanları genişləndirildi. Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzillə təmin olunması, maaş və təminat sisteminin təkmilləşdirilməsi də dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi həyata keçirildi.

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Qısa müddət ərzində həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində strateji yüksəkliklər və ərazilər nəzarətə götürüldü. 2018-ci ilin Günnüt əməliyyatı isə ordunun artan imkanlarının növbəti təzahürü oldu. Naxçıvan istiqamətində mühüm strateji mövqelər nəzarət altına alındı və müdafiə xətti daha əlverişli mövqelərə irəli çəkildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gün ərzində işğal altında olan torpaqların böyük hissəsi azad edildi. Şuşa şəhərinin azad olunması müharibənin taleyini həll edən mühüm hadisə oldu. Nəticədə Ermənistan kapitulyasiya aktını qəbul etməyə məcbur qaldı və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat imzalandı. Bu Qələbə Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, müasir dövrdə həyata keçirilmiş ən uğurlu hərbi əməliyyatlardan biri kimi beynəlxalq hərbi ekspertlər tərəfindən də yüksək qiymətləndirildi.

2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılması isə hərbi təhsil sistemində yeni mərhələnin başlanğıcı oldu. Bu ali təhsil kompleksi Azərbaycan Ordusunun müasir tələblərə cavab verən yüksək ixtisaslı zabit heyəti ilə təmin edilməsinə xidmət edir.

2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyi bütün ərazilərdə tam təmin edildi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat müasir hərbi planlaşdırmanın, yüksək peşəkarlığın və texnoloji üstünlüyün göstəricisi oldu. Beləliklə, uzun illər ərzində qarşıda duran əsas milli məqsəd tam şəkildə reallaşdırıldı.

Postmüharibə dövründə ordunun strukturunda mühüm yeniliklər həyata keçirildi. Komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin genişləndirilməsi və Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinin tətbiqi müasir ordu modelinin formalaşdırılmasına xidmət etdi. Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daha da genişləndi, birgə təlimlər və müdafiə sənayesi sahəsində əməkdaşlıq yeni məzmun qazandı.

Azərbaycan Ordusunun keçdiyi yol təsdiqləyir ki, güclü dövlətin əsas dayaqlarından biri məhz güclü və peşəkar ordudur. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilmişdir.

Bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malik, müasir silahlarla təchiz olunmuş, peşəkar kadr potensialı olan və istənilən vəzifəni yerinə yetirməyə qadir qüvvə kimi regionun aparıcı ordularından biridir. Silahlı Qüvvələrimizin qazandığı qələbələr, əldə etdiyi uğurlar və nümayiş etdirdiyi qəhrəmanlıq gələcək nəsillər üçün də qürur mənbəyidir. 26 İyun – Silahlı Qüvvələr Günü xalqımızın orduya sevgisinin, dövlətin müdafiə qüdrətinin və milli birliyin təntənəsi kimi hər zaman xüsusi ehtiramla qeyd olunacaqdır.