Xəbərlər
“Tərəqqi yolunun başlanğıcı”
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Milli Aerokosmik Agentliyinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Baş direktorunun birinci müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov 14 iyul 1969-cu ilin Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğunu qeyd edib. O bildirib ki, məhz həmin tarixdən etibarən respublikanın ictimai-siyasi, iqtisadi və sosial həyatında genişmiqyaslı inkişaf prosesləri başlayıb.
Natiq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi, sənayenin inkişafı, kadr hazırlığı və gələcək müstəqil dövlətçilik üçün mühüm zəmin yaradılıb. Bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.
Tədbirdə çıxış edən gənc fəal Məhəmməd Qəhrəmanov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, dahi şəxsiyyətin bütün siyasi fəaliyyəti xalqın rifahına, dövlətçiliyin möhkəmləndirilməsinə və Azərbaycanın tərəqqisinə həsr olunub.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında 14 iyul 1969-cu ilin Azərbaycan tarixində mühüm mərhələnin başlanğıcı olduğunu vurğulayıb. O qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkədə böyük inkişaf və quruculuq prosesləri həyata keçirilib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl yaradılıb.
Vüsar İsmayılov bildirib ki, Ümummilli Lider bütün fəaliyyəti boyu Azərbaycanın inkişafını, xalqın rifahını və dövlətçiliyin möhkəmlənməsini əsas məqsəd kimi qarşıya qoyub. Bu gün həmin siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmiz beynəlxalq miqyasda böyük nailiyyətlər əldə edir.
Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.
