YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixə çevrilən qardaşlıq nümunəsi

Rəşad Mahmudov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Türk dünyasının böyük öndəri Heydər Əliyevin dövlətçilik siyasətinin davamı olaraq Azərbaycan türk dünyası ilə əlaqələrini tarixi köklər, milli-mənəvi dəyərlər və qarşılıqlı strateji maraqlar üzərində intensiv inkişaf etdirir. Özbəkistanla münasibətlər bu siyasətin mühüm və xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Liderlərin qətiyyətli siyasi iradəsi ilə formalaşan möhkəm dialoq, qarşılıqlı etimad və çoxşaxəli əməkdaşlıq iki qardaş ölkə arasındakı münasibətləri strateji tərəfdaşlığın yüksək səviyyəsinə yüksəldib. Azərbaycan Özbəkistan dostluğu və qardaşlığı əbədiyyətə qədər davam edəcək. Liderlərin imzası ilə ölkələrimiz arasında bağlanmış müqavilə dostluq və qardaşlığımızın dövlət səviyyəsində rəsmi təsdiqi oldu. Prezidentlərin siyasi iradəsi ilə soy-kökü, dini, qanı və mədəniyyəti eyni olan Azərbaycanla Özbəkistan arasında tarixdən gələn doğmalıq siyasi münasibətlərdə öz əksini tapdı. Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” tarixdən gələn danılmaz həqiqəti bir daha təsdiqlədi. Bu sənəd iki ölkə arasındakı münasibətlərin mahiyyətini ifadə edən siyasi iradənin, Azərbaycanla Özbəkistanın yaxınlığını müəyyənləşdirən siyasi gündəlikdən əvvəl gələn ortaq yaddaş və dəyişməz doğmalığın göstəricisidir. Ortada olan bu danılmaz həqiqət fonunda qardaşlığın müqavilə ilə təsdiqlənməsi dünyada nadir rast gəlinən hadisədir. Çünki dövlətlər arasında müqavilələr imzalanır, münasibətlər hüquqi çərçivəyə salınır, lakin iki xalqın əsrlərdən gələn doğmalığının dövlət sənədində əbədiləşdirilməsi tamam başqa məna daşıyır. Azərbaycan Özbəkistan münasibətlərinin özünəməxsusluğu da məhz bundadır.

Prezident İlham Əliyevin sərəncamı ilə Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni, qardaş ölkənin liderinin isə dövlətimizin başçısını “Dostluq” ordeni ilə təltif etməsi iki xalq arasında qurulan münasibətlərin siyasi çərçivəni aşan mənəvi bağlara söykəndiyini göstərdi. Bu qarşılıqlı ehtiram Azərbaycan və Özbəkistan xalqlarına göstərilən etimadın, bir-birinə bəslənən səmimi münasibətin və tarixdən gələn doğmalığın ifadəsi kimi yadda qaldı. Bu, tarixdən gələn, tarixə çevrilən, günümüzün siyasi iradəsi ilə möhkəmlənən və gələcəyə uzanan qardaşlıq nümunəsi kimi dünyanın diqqətini özünə cəlb etdi.

Mərkəzi Asiyada Azərbaycanın ən böyük tərəfdaşlarından biri olan Özbəkistanda həyata keçirilən layihələr iqtisadi əməkdaşlığımızın geniş miqyasını göstərdi. Liderlərin onlayn iştirakı ilə “Davr Bank”, Gips zavodu və iki “Landau” STEAM məktəbinin açılışı, SOCAR-ın yeni yanacaqdoldurma məntəqələri, “Sea Breeze Uzbekistan”, “Baku City” gümüş filizinin emalı fabriki və meyvə bağları layihələrinin təməlinin qoyulması onu göstərdi ki, Azərbaycan Özbəkistan münasibətləri qarşılıqlı sərmayələr və real iqtisadi nəticələrlə daha da dərinləşir. Ölkələrimiz arasındakı münasibətlərə toxunan dövlətimizin başçısı vurğuladı ki, qarşıdakı dövr üçün çox dəqiq fəaliyyət planımız var və hər bir layihə konkret məqsədlərə xidmət edir. İnvestisiya Fondunun üçdəbir hissəsinin artıq layihələrlə təmin olunması, Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə sərmayələrin yönəldilməsi əməkdaşlığın geniş miqyasını göstərir. Bütün bunlar birlikdə milyardlarla dollar həcmində investisiya imkanlarının mövcudluğunu ortaya qoyur.

Dövlətimizin başçısı Qarabağın bərpası və inkişafına investisiyaların cəlb edilməsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd etdi. Bildirdi ki, Qarabağa ilk dəstək göstərən ölkələrdən biri Özbəkistan olub. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin inşası, Xankəndidə tikiş fabrikinə investisiya qoyuluşu bunun bariz nümunələridir. Qarabağda ilk iri sənaye müəssisəsinin də Özbəkistanla birgə həyata keçirilməsi iki ölkənin qardaşlıq münasibətlərinin iqtisadi layihələrdə də özünü göstərdiyini təsdiqləyir.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri iki qardaş ölkənin münasibətlərində yeni siyasi mərhələnin göstəricisidir. Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması regionlararası əlaqələri daha da dərinləşdirir. Bakı və Daşkənd arasında artan siyasi həmrəylik isə regional sabitlik və əməkdaşlığın möhkəmlənməsinə yeni imkanlar açır. Bu baxımdan Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri qardaş ölkə liderinin də vurğuladığı kimi mübaliğəsiz tarixi əhəmiyyət daşıdı. Səfər bir daha göstərdi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafında, Türk dünyasının vahid gücə çevrilməsində və qlobal proseslərə təsir imkanlarının genişlənməsində mühüm rol oynayır.

Azərbaycanın Mərkəzi Asiyada və Türk dünyasında, bütövlükdə qlobal düzəndə artan strateji rolu Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin beynəlxalq nüfuzunun və ona göstərilən yüksək ehtiramın ifadəsidir. İnkişaf, tərəqqi və sülh lideri olaraq Prezident İlham Əliyev Özbəkistanda olduğu kimi dünyanın müxtəlif ölkələrində də böyük hörmət və ehtiramla qarşılanır. Sirr deyil ki, onun liderliyi Azərbaycanın qlobal proseslərdə söz və təsir imkanlarını daha da genişləndirir. Bütün bu uğurlar qüdrətli Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə və daha da güclənməsinə xidmət edir.

DİGƏR Xəbərlər Arxiv