YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərinin mövcud səviyyəsini təsvir etməklə yanaşı, bu münasibətlərin hansı geosiyasi məntiq üzrə inkişaf etdiyini nümayiş etdirir. Bütün bunlar Bakı ilə Daşkənd arasındakı əlaqələrin artıq ənənəvi ikitərəfli diplomatiya çərçivəsindən çıxaraq Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən daha geniş regional əməkdaşlıq modelinin tərkib hissəsinə çevrildiyinin bariz nümunəsidir.

Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O qeyd edib ki, son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşməsi, Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamənin və Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması, Ali Dövlətlərarası Şuranın yaradılması münasibətləri institusional müstəviyə keçirib: “Azərbaycanla Özbəkistan arasında formalaşmış siyasi etimad artıq uzunmüddətli əməkdaşlıq mexanizmləri ilə təmin olunur. Prezident İlham Əliyevin müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərə xüsusi yer ayırması təsadüfi deyil. Liderlər arasında qarşılıqlı etimad Azərbaycan–Özbəkistan yaxınlaşmasının sürətlənməsində mühüm rol oynayır. Sözsüz ki, Bakı ilə Daşkəndin maraqları bir sıra mühüm istiqamətlərdə üst-üstə düşür. Hər iki ölkə suverenliyə, siyasi müstəqilliyə və milli maraqlara xüsusi həssaslıq göstərir, dövlətlər həmçinin regional nəqliyyat imkanlarının genişləndirilməsində, iqtisadi əlaqələrin şaxələndirilməsində və Türk dünyası daxilində inteqrasiyanın gücləndirilməsində maraqlıdır. Bu baxımdan siyasi yaxınlaşma daha dərin geosiyasi və geoiqtisadi əsaslara söykənir.

Azərbaycan–Özbəkistan münasibətlərində ən diqqətçəkən tendensiyalardan biri siyasi müttəfiqliyin iqtisadi məzmunla tamamlanmasıdır. Ticarət dövriyyəsinin qısa müddətdə əhəmiyyətli dərəcədə artması ümumi mənzərənin yalnız bir hissəsidir. Daha mühüm məsələ investisiya və istehsal əməkdaşlığının genişlənməsidir. 500 milyon dollarlıq kapitalla yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti bu baxımdan sadəcə maliyyə institutu deyil, iki iqtisadiyyatın bir-birinə daha sıx bağlanması üçün mexanizmdir.

Avtomobil istehsalı, neft-kimya, kənd təsərrüfatı, turizm və digər sahələrdə birgə layihələrin meydana çıxması əməkdaşlığın xarakterinin dəyişdiyini göstərir. Tərəflər artıq yalnız bir-birinə məhsul satmaqla kifayətlənmir, birgə istehsal və investisiya imkanları axtarırlar. Bu isə münasibətlərin iqtisadi dayanıqlığını artırır. Azərbaycan şirkətlərinin Özbəkistanda, Özbəkistan şirkətlərinin isə Azərbaycanda artan fəaliyyəti iki ölkənin biznes mühitləri arasında qarşılıqlı marağın formalaşdığını göstərir. Gələcək mərhələdə əsas məsələ bu əməkdaşlığı ayrı-ayrı layihələrdən regional istehsal və logistika zəncirlərinə çevirmək olacaq”.

Deputat hesab edir ki, Orta Dəhliz Bakı–Daşkənd münasibətlərinə yeni geosiyasi əhəmiyyət kəsb edir: “Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi iki ölkəni təbii tranzit tərəfdaşlarına çevirir. Birinin Xəzər üzərində mövqeyi, digərinin isə Mərkəzi Asiyanın mərkəzində yerləşməsi onların iqtisadi və coğrafi üstünlüklərini bir-birini tamamlayan faktorlar kimi ortaya çıxarır. Bu mənada Orta Dəhliz sadəcə nəqliyyat marşrutu deyil. O, Bakı ilə Daşkənd arasında strateji əlaqənin iqtisadi dayaqlarından biridir.

Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizlə inteqrasiyası baş tutduğu halda Mərkəzi Asiyanın şərqindən Avropaya qədər uzanan daha bütöv logistika sistemi formalaşa bilər. Azərbaycan bu sistemdə Xəzərdən sonrakı əsas halqalardan birinə çevrilir. Özbəkistan üçün bunun əhəmiyyəti dünya bazarlarına çıxış imkanlarının genişlənməsidir. Azərbaycan üçün isə nəticə yalnız tranzit gəlirlərinin artması ilə məhdudlaşmır. Bakı beləliklə Mərkəzi Asiyanın Avropa ilə iqtisadi əlaqələrinin qurulmasında daha mühüm geoiqtisadi mövqe əldə edir.

Ölkəmizin başçısının müsahibəsində vurğulandığı kimi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakı mühüm önəmə mlaikdir.  Bu addım ilk baxışda regional formatın genişləndirilməsi kimi görünə bilər. Əslində isə daha böyük prosesin göstəricisidir. Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərini yalnız ikitərəfli əlaqələr və Türk Dövlətləri Təşkilatı çərçivəsi ilə məhdudlaşdırmır. Bakı regionun çoxtərəfli siyasi dialoqunun birbaşa iştirakçısına çevrilir.

“C5” formatının faktiki olaraq “C6”ya çevrilməsi Azərbaycan üçün yeni regional status yaradır. Burada Özbəkistanın rolu xüsusilə əhəmiyyətlidir. Azərbaycanın bu prosesə inteqrasiyası Daşkəndin ev sahibliyi etdiyi platformada baş verib. Bu da Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ikitərəfli çərçivədən kənarda da siyasi nəticələr doğurduğunu göstərir. Əslində, Bakı–Daşkənd xətti Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi körpünün formalaşmasında əsas elementlərdən birinə çevrilir.

Sözsüz ki, Azərbaycan və Özbəkistan arasında enerji əməkdaşlığının gələcəyi yalnız neft və qazla məhdudlaşmır. Yaşıl enerji sahəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaradılan əməkdaşlıq mexanizmi daha uzunmüddətli perspektivə işarə edir”.

Sevinc Hüseynova hesab edir ki, Azərbaycan–Özbəkistan münasibətlərini Türk Dövlətləri Təşkilatından kənarda təsəvvür etmək artıq çətindir: “İki ölkənin bu təşkilatda fəallığı türk dövlətləri arasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsinə təsir edən əsas amillərdən biridir. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Bakı Qərbə açılan qapılardan biridirsə, Daşkənd Mərkəzi Asiyanın mühüm iqtisadi mərkəzidir. Bu iki nöqtənin daha sıx bağlanması Türk Dövlətləri Təşkilatının siyasi və mədəni birlikdən iqtisadi inteqrasiya platformasına çevrilməsinə də töhfə verə bilər.

Təbii ki, münasibətlərin yalnız dövlətlərarası səviyyədə inkişaf etməməsi də mühüm amildir. Mədəniyyət günləri, təhsil proqramları, qardaşlaşmış şəhərlər, media və QHT forumları iki cəmiyyət arasındakı əlaqələri genişləndirir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi və Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı bu əməkdaşlığın siyasi simvollarından birinə çevrilib. Eyni zamanda Bakı ilə Daşkənd arasında deyil, müxtəlif şəhərlər arasında da tərəfdaşlıq əlaqələrinin qurulması münasibətləri dövlət səviyyəsindən cəmiyyətlər səviyyəsinə keçirir. Bu, xüsusilə vacibdir. Çünki uzunmüddətli strateji tərəfdaşlığın davamlılığı yalnız hökumətlərarası əlaqələrdən deyil, xalqlar arasında formalaşan qarşılıqlı maraq və etimaddan da asılıdır. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü vəziyyətini qiymətləndirməklə yanaşı iki ölkənin gələcək əməkdaşlıq fəlsəfəsini ortaya qoyur.

Bakı və Daşkənd arasında artıq yüksək siyasi etimad mövcuddur. Bu etimad iqtisadi layihələr, nəqliyyat marşrutları, enerji əməkdaşlığı, humanitar əlaqələr və Türk dünyası çərçivəsində inteqrasiya ilə tamamlanır. Ən mühüm dəyişiklik isə Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin yeni mərhələyə keçməsidir. Azərbaycanın “C6” formatına daxil olması bu baxımdan simvolik deyil, strateji hadisədir. Azərbaycan artıq Mərkəzi Asiyanın xarici tərəfdaşı kimi deyil, onun regional əməkdaşlıq mexanizmlərinin iştirakçısı kimi çıxış edir. Bu prosesdə Özbəkistanın rolu xüsusilə böyükdür. Çünki Daşkənd həm Mərkəzi Asiyanın mühüm siyasi və iqtisadi mərkəzi, həm də Azərbaycanın regiona çıxışında əsas tərəfdaşlardan biridir”.

Nəticədə Bakı–Daşkənd münasibətlərinin əhəmiyyəti ikitərəfli əlaqələrlə yanaşı Cənubi Qafqazla Mərkəzi Asiyanın bir-birinə daha sıx bağlanmasının, Orta Dəhlizin güclənməsinin və Türk dünyasında yeni siyasi-iqtisadi əlaqələr sisteminin formalaşmasının əsas sütunlarından birinə çevrilir. Bu mənada Azərbaycan–Özbəkistan müttəfiqliyinin gələcəyi təkcə iki ölkənin münasibətlərinin deyil, bütövlükdə Avrasiyanın dəyişən geosiyasi xəritəsinin mühüm elementlərindən biri olacaq”.

DİGƏR Xəbərlər Arxiv