Xəbərlər
Şuşadan dünyaya növbəti dəfə vacib mesajlar verildi
Nigar Məmmədova
Milli Məclisin deputatı
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa artıq 4-cü ildir ki, qlobal media foruma ev sahibliyi edir. İlbəil dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən IV Şuşa Qlobal Media Forumu beynəlxalq xarakterini daha da möhkəmləndirib. 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın iştirak bunu bir daha təsdiqləyir. Bu dəfəki forumda da Prezident İlham Əliyev beynəlxalq KİV nümayəndələrinin suallarını cavablandırdı. Beynəlxalq media mənsubları əsasən regionda və dünyada baş verən münaqişələr, geosiyasi proseslər, bir sözlə, qlobal dünya gündəmini əhatə edən mövzularla bağlı cənab Prezidentə suallar ünvanladılar.
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın beynəlxalq media dialoqu, regional əməkdaşlıq və nəqliyyat-logistika imkanları ilə bağlı strateji baxışını bir daha ortaya qoydu. Dövlət başçımız Forumun artıq qlobal miqyasda nüfuz qazandığını, Qarabağın bərpasının beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından mühüm platformaya çevrildiyini, eyni zamanda Azərbaycanın Avrasiyanın mühüm tranzit və enerji mərkəzi kimi rolunun daha da gücləndiyini bəyan etdi.
Dövlət başçımızın da söylədiyi kimi, forum iştirakçılarının əksəriyyəti Qarabağa ilk səfərlərində dağıdılmış şəhər və kəndlərin mənzərəsini görüblər. Bu gün isə həmin qonaqlar artıq yenidən qurulan şəhərlərin, inşa edilən yaşayış məhəllələrinin, doğma torpaqlarına qayıdan insanların həyatının şahidinə çevrilirlər. Bu xüsusda forumun əsas üstünlüklərindən biri də ictimai rəyin formalaşmasına təsir edən nüfuzlu media nümayəndələrinin Qarabağ həqiqətlərini yerində görməsi və obyektiv şəkildə dünyaya çatdırmasıdır.
Azərbaycanın beynəlxalq nəqliyyat və logistika imkanları dünya mediasının da diqqət mərkəzindədir. Cənab Prezident bu mövzu ilə bağlı suala cavab olaraq bildirdi ki, “hər hansı ölkənin tranzit mərkəzinə çevrilməsi yalnız əlverişli coğrafi mövqedən deyil, həm də qonşularla sağlam və etibarlı münasibətlərdən asılıdır”. Azərbaycan isə uzun illər ərzində coğrafi üstünlüklərini real iqtisadi imkanlara çevirmək üçün ardıcıl siyasət həyata keçirib. Bu məqsədlə ilk növbədə müasir nəqliyyat infrastrukturu yaradılıb.
Rəsmi Bakının yanaşması bundan ibraətdir ki, “fiziki infrastrukturun qurulması ilə yanaşı, qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq da əsas şərtlərdən biridir. Əgər qonşular arasında münasibətlər sağlam deyilsə, tranzit imkanlarının reallaşdırılması da mümkün olmur. Azərbaycan isə həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində çoxtərəfli əməkdaşlıq modeli formalaşdıraraq Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib.”
Enerji layihələrinin uğurla həyata keçirilməsini də bu siyasətin mühüm nəticələrindəndir. Azərbaycanın təşəbbüskarı və əsas maliyyə tərəfdaşı olduğu enerji layihələri bu gün bir çox dövlətlərin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Eyni yanaşma nəqliyyat-kommunikasiya layihələrində də tətbiq olunur və bu, regional əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.
Mövcud geosiyasi vəziyyət də Azərbaycanın tranzit imkanlarının əhəmiyyətini daha da artırmaqdadır. Orta Şərqdə baş verən hadisələr fonunda ölkəmizdən keçən nəqliyyat dəhlizləri daha da cəlbedici olub. Həm hava, həm dəniz, həm də quru daşımalarında Azərbaycanın təhlükəsiz və etibarlı marşrut kimi seçilməsi ölkənin strateji əhəmiyyətini artırır. Cənab Prezident də vurğuladı ki, Azərbaycan artan yük axınını qəbul etməyə hazırdır və bu istiqamətdə infrastruktur imkanlarının daha da genişləndirilməsi üzərində işlər davam etdirilir.
Bu xüsusda Mərkəzi Asiya ölkələri, Gürcüstan, Türkiyə və Avropa Komissiyası ilə əməkdaşlığın genişlənməsi də Orta Dəhlizin inkişafına mühüm töhfə verir. Azərbaycanın bütün bu proseslərdə etibarlı tərəfdaş kimi çıxış etməsi, əməkdaşlığa üstünlük verməsi və regional məsələlərin qarşılıqlı hörmət əsasında həllinə çalışması ölkənin beynəlxalq nüfuzunu daha da artırır.
Azərbaycanın Avropa təsisatları ilə münasibətləri, AŞPA-da yaranmış vəziyyət, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığın perspektivləri forumda cənab Prezident tərəfindən dəyərləndirildi. Dövlət başçımz da bəyan etdi ki, Azərbaycan bütün beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipinə sadiqdir, lakin ölkəyə qarşı qərəzli yanaşmalar heç bir halda qəbul edilə bilməz. Avropa Komissiyasının fəaliyyəti dövründə, xüsusilə də Avropa diplomatiyasının keçmiş rəhbəri Cozep Borrelin mövqeyi Azərbaycan–Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərib. Cənab Prezidentin də söylədiyi kimi, “sonradan ortaya çıxan faktlar həmin dövrdə Azərbaycanın maraqlarına qarşı aparılan fəaliyyət barədə ciddi suallar doğurur. Hazırda isə Avropa Komissiyası ilə münasibətlərdə müsbət dinamika müşahidə olunur. Təsadüfi deyil ki, bu ilin ilk aylarında Brüsseldən Azərbaycana yüksək səviyyəli bir sıra səfərlər baş tutub ki, bu da tərəflərin əməkdaşlığın inkişafında maraqlı olduqlarını göstərir.
AŞPA-ya gəlincə, cənab Prezidentin də söylədiyi kimi, “əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?" Təbii ki, münasibətlərin pozulmasının məsuliyyəti Azərbaycanın üzərinə düşmür.
Cənab Prezidentin səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmək niyyətində olsa da, bu əməkdaşlığın yalnız bərabərlik, obyektivlik və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmasını vacib hesab edir. Bir sözlə, Azərbaycanın xarici siyasəti hər zaman konstruktiv dialoq, qarşılıqlı hörmət və nəticəyönümlü əməkdaşlıq prinsiplərinə əsaslanıb. Məhz bu siyasət Rəsmi Bakının müxtəlif maraqları uzlaşdırmaq, dialoq mühiti formalaşdırmaq və konsensus əldə etmək bacarığına malik etibarlı tərəfdaş kimi qəbul edilməsini şərtləndirir.
