Xəbərlər
“14 iyul 1969-cu il: Zirvəyə yüksəlişin başlanğıc tarixi”
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Zirvəyə yüksəlişin başlanğıc tarixi” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, 1969-cu il 14 iyul tarixi Azərbaycanın müasir inkişaf tarixində mühüm dönüş nöqtəsi olub. Qeyd olunub ki, Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə ölkədə genişmiqyaslı islahatlara başlanılıb, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və digər sahələrdə mühüm inkişaf mərhələsi formalaşıb.
Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bu siyasətin uğurlu nəticələrindəndir.
Tədbirdə Samux Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux şəhər Ağsaqqallar Şurasının üzvü Gəray Bayramov, Sərkar kənd ərazi partiya təşkilatının sədri Şəmistan Yusifov, şəhid atası İlham Məmmədov, Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının direktoru Namiq Cəfərov və Ziyadlı kənd bələdiyyəsinin sədri İlqar Alıyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs ediblər.
