YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli inkişaf yolunun başlanğıcı”

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “Milli inkişaf yolunun başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, 14 iyul 1969-cu il Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olmaqla, ölkəmizin milli inkişaf yolunun başlanğıcını təşkil edir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın iqtisadi, sosial, elm, təhsil və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə olunub, gələcək müstəqil dövlətin möhkəm təməli yaradılıb.

Vasif İmanov vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri və ölkəmizin beynəlxalq nüfuzunun artması həyata keçirilən uğurlu siyasətin nəticəsidir.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxışında qeyd edib ki, 14 iyul 1969-cu il Azərbaycan xalqının taleyində mühüm tarixi mərhələdir. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə genişmiqyaslı inkişaf prosesləri başlanıb, milli kadr hazırlığına, sənayenin, kənd təsərrüfatının, elm və təhsilin inkişafına xüsusi diqqət göstərilib.

Emil Abasov vurğulayıb ki, həmin dövrdə formalaşdırılan inkişaf strategiyası müstəqil Azərbaycanın qurulması üçün möhkəm baza yaradıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir və Azərbaycan dinamik inkişaf edən, güclü və nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirir.

Tədbirdə çıxış edən Pirallahı bələdiyyəsinin və rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi İlqar Məmmədli Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki misilsiz xidmətlərindən danışıblar.

Çıxışlarda qeyd olunub ki, Heydər Əliyevin uzaqgörən siyasəti, milli dövlətçilik ideyalarına bağlılığı və strateji inkişaf konsepsiyası müasir Azərbaycanın formalaşmasında mühüm rol oynayıb. Onun zəngin dövlətçilik irsi bu gün də ölkəmizin inkişafına və tərəqqisinə xidmət edir.