YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşadan bəyan edilən mesajlar

Mübariz Qurbanlı

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Regionda və dünyada böyük maraqla qarşılanan, çoxsaylı ölkələrdən jurnalistləri, ekspertləri və KİV təmsilçilərini bir araya gətirən Şuşa Qlobal Media Forumu artıq siyasi dialoqun, beynəlxalq media əməkdaşlığının və fikir mübadiləsinin mühüm platformalarından birinə çevrilib. Bu günlərdə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Forumda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətinin prioritetləri, yeni geosiyasi reallıqlar, regional təhlükəsizlik, enerji diplomatiyası, qlobal bağlantılar və beynəlxalq tərəfdaşlıq istiqamətində mühüm mesajlarla yadda qaldı.

Prezident İlham Əliyev çıxışında müasir informasiya məkanında medianın məsuliyyətindən bəhs edərək dezinformasiya və saxta xəbərlərin beynəlxalq münasibətlərə ciddi təsir göstərdiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, peşəkar jurnalistika həqiqətin qorunmasına, xalqlar arasında etimadın möhkəmlənməsinə və qlobal əməkdaşlığın inkişafına xidmət etməlidir. Azərbaycanın uzun illər informasiya müharibəsi şəraitində əldə etdiyi təcrübə də göstərir ki, obyektiv informasiya təhlükəsizliyin mühüm elementlərindən biridir.

Çıxışın əsas istiqamətlərindən biri Azərbaycanın son illərdə formalaşdırdığı beynəlxalq nəqliyyat, enerji və kommunikasiya bağlantıları oldu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, eyni zamanda Avrasiyanın əsas logistika və tranzit mərkəzlərindən birinə çevrilib. Qeyd edildi ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Orta dəhliz, Şimal-Cənub nəqliyyat marşrutu, müasir dəniz limanı və həyata keçirilən digər infrastruktur layihələri müxtəlif regionları birləşdirən etibarlı körpü rolunu oynayır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan bu bağlantılar heç bir ölkəyə qarşı yönəlməyib. Əksinə, onların əsas məqsədi iqtisadi əməkdaşlığı genişləndirmək, qarşılıqlı etimadı gücləndirmək və regionlar arasında inteqrasiyanı sürətləndirməkdir.

Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərə dair fikirləri də xüsusi diqqət çəkdi. Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi mühüm rol oynayır. Hazırda Azərbaycanın təbii qazı Avropanın bir sıra ölkələrinə ixrac olunur və bu coğrafiya getdikcə genişlənir. Eyni zamanda, yaşıl enerji sahəsində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. Prezident onu da vurğuladı ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır, lakin bu münasibətlər yalnız qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsipləri əsasında inkişaf edə bilər. Azərbaycan Prezidenti ikili standartların və siyasi qərəzin tərəfdaşlıq münasibətlərinə zərər vurduğunu da diqqətə çatdırdı.

ABŞ ilə münasibətlərə toxunan Prezident İlham Əliyev Azərbaycanın uzun illər Vaşinqtonun etibarlı tərəfdaşı olduğunu xatırlatdı. Dövlətimizin başçısı enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, Əfqanıstandakı beynəlxalq missiyaya dəstək və regional sabitliyin qorunması istiqamətində Azərbaycanın mühüm töhfələr verdiyini söylədi. Bununla yanaşı, Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bütün dövlətlərlə olduğu kimi ABŞ ilə də münasibətlərini bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurur.

Dövlətimizin başçısının çıxışında postmünaqişə dövründə Cənubi Qafqazda yaranmış yeni reallıqlar da geniş təhlil olundu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib və bununla beynəlxalq hüququn norma və prinsiplərinin icrasına nail olub. Dövlətimizin başçısı bəyan etdi ki, regionda uzunmüddətli sülh üçün real imkan yaranıb və bu imkanın reallaşması Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsindən asılıdır. Sülh müqaviləsinin perspektivlərinə toxunan Prezident İlham Əliyev Azərbaycanın prinsipial mövqeyinin dəyişmədiyini bir daha qeyd etdi. Dövlətimizin başçısının sözlərinə görə, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması, gələcəkdə ərazi iddialarından imtina etməsi və beynəlxalq hüququn prinsiplərinə riayət olunması regionun sabit inkişafının əsas şərtidir.

Forum zamanı Prezident İlham Əliyev qlobal geosiyasi proseslərə də münasibət bildirdi və qeyd etdi ki, dünya yeni güc balansının formalaşdığı mürəkkəb mərhələdən keçir. Belə bir şəraitdə Azərbaycan öz milli maraqlarını əsas götürən müstəqil xarici siyasət kursunu davam etdirir, müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurur və etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.

Şuşadan səslənən mesajlar göstərdi ki, Azərbaycan bu gün yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın mühüm siyasi, iqtisadi və logistika mərkəzlərindən birinə çevrilib. Vurğulandı ki, Azərbaycanın yaratdığı enerji, nəqliyyat və kommunikasiya bağlantıları dövlətləri ayırmır, əksinə, onları ortaq maraqlar ətrafında birləşdirir. Məhz bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu artırır və onu qlobal əməkdaşlığın etibarlı tərəfdaşlarından birinə çevirir.