Xəbərlər
“Azərbaycanın tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “Azərbaycanın tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib ki, 14 iyul 1969-cu il Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biridir. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə respublikamızın sosial-iqtisadi, elmi, mədəni və sənaye sahələrində sürətli inkişaf mərhələsi başlayıb, ölkənin gələcək müstəqilliyi üçün möhkəm təməllər yaradılıb.
Rayon təşkilatının sədr müavini Anar Şirinov vurğulayıb ki, Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində milli kadr hazırlığına xüsusi diqqət yetirilib, minlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil almasına şərait yaradılıb. Eyni zamanda, milli hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atılıb ki, bu da Azərbaycanın gələcək inkişafına mühüm töhfə verib.
Qəbələ Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Qasımova çıxışında Ümummilli Lider Heydər Əliyevin yalnız öz dövrünün deyil, bütün zamanların görkəmli dövlət xadimi olduğunu bildirib. O, dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqın rifahı naminə göstərdiyi misilsiz xidmətlərin hər zaman ehtiramla xatırlanacağını qeyd edib.
Abrıx ərazi partiya təşkilatının sədri Natiq Zəkəriyəyev isə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sürətlənib, milli kadr potensialının formalaşdırılması, elm, təhsil, sənaye və mədəniyyət sahələrində mühüm nailiyyətlər əldə olunub. Onun sözlərinə görə, həmin dövrdə əsası qoyulan inkişaf strategiyası müasir Azərbaycanın uğurlarının təməlini təşkil edir.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və siyasi fəaliyyətini, eləcə də Azərbaycan dövlətçiliyinin inkişafındakı müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
