Xəbərlər
“Tarix yazan şəxsiyyət”
Yeni Azərbaycan Partiyası (YAP) Göyçay rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümünə həsr olunmuş “Tarix yazan şəxsiyyət” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı müstəsna xidmətlərindən bəhs edib. O bildirib ki, 14 iyul 1969-cu il Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Ulu Öndərin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi, sosial, elmi, təhsil və mədəni həyatında əsaslı dönüş yaradılıb, milli dövlətçilik ənənələri möhkəmləndirilib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməllər formalaşdırılıb.
Sahib Şükürov vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs uğurla davam etdirilir, Azərbaycan hərtərəfli inkişaf və davamlı tərəqqi yolunda inamla irəliləyir.
Tədbirdə çıxış edən partiya veteranları Eldəniz Məmmədov və Sədaqət Abdulova, Rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, ərazi partiya təşkilatlarının sədrləri Səbinə Qurbanova və Firəngiz Məmmədyarova Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, milli həmrəyliyin möhkəmləndirilməsi və müasir Azərbaycan dövlətinin əsaslarının formalaşdırılmasındakı tarixi rolundan danışıblar.
